Bakıda “Education USA Alumni Fair” adlı ABŞ universitetlərinin təhsil sərgisi keçirilir.
"Report" xəbər verir ki, tədbir ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası (American Councils for International Education) tərəfindən təşkil olunub.
Sərginin açılışında çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bildirib ki, Birləşmiş Ştatlarda 4,5 min ali məktəb var və bəzən onlar arasında seçim etmək çətin olduğundan belə tədbirlərin keçirilməsi vacibdir: "ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasına görə fəxr edirik və ümid edirik ki, bu gün sərgiyə gələnlər də onların sıralarında ola biləcəklər".
Sərgi zamanı qonaqlara ABŞ universitetlərində təhsil imkanları barədə məlumat verilib.
Hal-hazırda davam edən tədbirdə iştirak edən tələbələrə, şagirdlərə və valideynlərə ABŞ universitetlərinin məzunları ilə görüşmək və onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.
Məzunlar ABŞ universitetlərinin fəaliyyəti, təhsil proqramları barədə danışacaqlar. Sərgi iştirakçılarına materiallar və bukletlər təqdim olunacaq.