İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var.
“Report” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.
Qeyd olunub ki, 2018-ci il üçün ali təhsil müəssisələrinin qəbul planının və abituriyent ərizələrinin qruplar üzrə paylanmasının təhlili onu göstərir ki, ixtisas qrupları üzrə qəbul planı və ərizələrin nisbi çəkiləri arasında qeyri-tarazlıq mövcuddur: “Belə ki, ümumi qəbul planının II və IV ixtisas qrupları üçün ayrılmış hissəsi abituriyent ərizələrinin həmin ixtisas qruplarına düşən hissəsindən böyük, I, III və V ixtisas qruplarında isə, əksinə, kiçikdir. II qrupda plan yerlərinin çox, ərizələrin sayının nisbətən az olması müsabiqə vəziyyətinə mənfi təsir göstərib.
Nəticədə, hazırlıq səviyyəsi o qədər də yüksək olmayan abituriyentlər ali təhsil almaq imkanı əldə ediblər. Bu baxımdan, gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, perspektivlər müəyyən olunmalı, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır”.