Bakıda Malayziyada təhsil imkanlarına həsr olunmuş ilk sərgi dekabr ayında keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan bin Yusof jurnalistlərə bildirib.
Onun sözlərinə görə, azərbaycanlı tələbələrə bu ölkədə təhsil üçün təqaüd təqdim olunacaq.
“Azərbaycanda təhsil almaq üçün ən məşhur ölkələr Türkiyə, Ukrayna və Rusiyadır, buna görə də biz alternativ təklif etmək istəyirik. Çünki təhsil gələcəyə vəsiqə deməkdir”, - səfir deyib.
Dato Yubazlan bin Yusof Malayziyanın regionda inkişaf etmiş iqtisadiyyata malik vacib iqtisadi oyunçuya çevrildiyini, lakin bu ölkənin həm də təhsil habı olduğunu bildirib. Belə ki, hazırda Malayziyada 162 ölkədən tələbə təhsil alır.
Bundan başqa, diplomat beynəlxalq tələbələrin 82 %-nin maliyyə dəstəyi aldığını, onlara xüsusi tələbə kreditləri və təqaüdlərin ayrıldığını diqqətə çatdırıb.