Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanda ölkənin ali təhsil müəssisələrindən məzun olmuş əcnəbilərin Beynəlxalq Assosiasiyası yaradılacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ADA Universitetində keçirilən "Gələcəyə investisiya: davamlı və inkluziv inkişaf" mövzusunda keçirilən "dəyirmi masa"da məlumat verib.
Nazirin sözlərinə görə, bu ideya ölkə Prezidenti tərəfindən dəstəklənib.
"Bu ideyanı bir neçə il əvvəl təklif etmişdim və Prezident onu dəstəkləmişdi. Bundan əlavə, qərara aldıq ki, bundan sonra Azərbaycan universitetlərindən məzun olmuş bütün əcnəbilərin iştirakı ilə Konqres keçirək. Sovet dövründən başlayaraq indiyədək 90-dan çox ölkədən 15 mindən çox məzun olub", - o deyib.
XİN başçısı vurğulayıb ki, Azərbaycan universitetlərində həm Sovet dövründə, həm də bu gün xarici tələbələrə tələbat var.