AMEA-nın Zoologiya İnstitutu bəzi quş növlərinin adlarının dəyişdirilməsi məsələsinə aydınlıq gətirib.
İnstitutun direktoru Elman Yusifov “Report”a açıqlamasında deyib ki, son dövrlər Azərbaycan faunasında quşların sayı və adları barədə mütəxəssislərin müxtəlif fikirləri bəzi çaşqınlıq yaradırdı.
O qeyd edib ki, bəzən də regionlarda quş adları fərqli formada bir neçə versiyada deyilirdi: “Bəzi mənbələrdə, xüsusilə də
E.Yusifov xatırladıb ki, Azərbaycan faunasında 405 quş növü təsdiq edilib və onun içərisində mübahisə doğuran 20 adı ortaq məxrəcə gəlinərək dəyişdirilib.
Zooloji Muzeyin müdiri Səbinə Bünyatova isə qeyd edib ki, quş adlarının dəyişdirilməsi barədə Azərbaycan onurğalılar faunasının taksonomik spektrinin müzakirəsi zamanı qərar qəbul edilib.
O bildirib ki, indiyə qədər ornitoloqlar tərəfindən təqdim olunan 140 növün adları arasında fərqlilik olub: “Bu müzakirə olunaraq yekun adlar qəbul edildi. Müzakirəyə çıxarılan 20 quş növünün yerli adları ornitoloqlar Elçin Sultanov, İlyas Babayev, Tahir Kərimov, Əbülfəz Tağıyev, Sevinc Rəcəbova, AMEA-nın Zoologiyaİnstitutunun direktoru Elman Yusifov, elmlər işlər üzrə direktor müavini Elşad Əhmədov və Quru onurğalıları laboratoriyasının müdiri Qiyas Quliyev arasında müzakirə olundu və səs çoxluğu ilə yekun adlar qəbul olundu”.
S.Bünyatova qəbul olunan yeni adların izahını da verib: "Belə ki, maygülü adlandırılan quş növünün adı dəyişdirilərək batağan kimi qəbul olundu. Batağan adı quşun suyun dərinliklərinə baş vurmaq xüsusiyyəti əsas götürülərək seçildi.
Lələk örtüyünün xallı naxışa malik olması əsas götürülərək böyük qartalça və ya çığırğan qartalça növünün yeni adı böyük xallı qartal qəbul edildi.
Həmçinin, ördəktutan qızılquş və ya ördəktutan kimi tanıdığımız quş növünün adının, bu növün bioloji xüsusiyyətlərini tam əks etdirmədiyini və ölçücə kiçik olan bu quşun təbiətdə ördək ovlanması faktının yanlış olduğu əsas götürülərək sərçəkimilərə aid kiçik quşlarla qidalanan qızılquş növünün adı sərçəçalan kimi dəyişdirildi.
Qəşəng durna növünün adı isə telli durna qəbul edildi. Bu növün baş hissəsində tel formasında uzanan lələk topası olur.
Dovdaqlar fəsiləsinə aid olan müxtəlif ədəbiyyatlarda cek, gözəl cek, qəşəng baladovdaq kimi yazılan növün adı qəşəng dovdaq təklif olundu.
Həmçinin alman və rus dili mənşəli bir sıra adlar milli adlarla dəyişdirildi:
trinqa – otluq cüllütü, bekas – meşə cüllütü, sterna – sümrü, sitta – fitçi, tixodrom – qaya quşu və s. Kölgəlik yarpaqgüdəni əvəzinə sin-sin yarpaqgüdəni qəbul edildi, çünki növ bu cür səs çıxarır, lakin ədəbiyyatlarda səhvən “теньковка” adı “kölgə” kimi tərcümə edilib".
Tam siyahını təqdim edirik:
Köhnə adlar | Yeni adlar |
Maygülü | batağan |
Böyük qartalca, çığırğan qartalca | Böyük xallı qartal |
Ördəktutan qızılquş, ördəktutan | sərçəçalan |
Qəşəng durna | Telli durna |
Cek, gözəl cek | gözəl dovdaq |
Trinqa | otluq cüllütü |
Bekas | meşə cüllütü |
Sterna | Sümrü |
Adi sitta | adi fitçi |
Qırmızıqanad tixodrom | qırmızqanad qaya quşu |
Kölgəlik yarpaqgüdəni | Sin-sin yarpaqgüdəni |
İlanboyun | adi buruqboyun |
Alacəhrə | alaçöhrə |
Toğlugötürən | saqqallı kərkəs |
Leşyeyən qartal | leşyeyən ağkərkəs |
Sultan toyuğu | Sultan quşu |
Torağay | turağay |
Sarıdimdik qarğa | Sarıdimdik dolaşa |
Tuvik | Tüviy |
Anqut | qırmızı ördək |