Bakı. 14 dekabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində Azərbaycan Tələbə-Könüllülərinin I Forumu keçirilib. “Report” xəbər verir ki, tədbir könüllülük hərəkatının inkişafı, müvafiq istiqamətdə cəmiyyətin maarifləndirilməsi və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması məqsədilə təşkil olunub.
Forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, könüllülərin yüksək səviyyəli fəaliyyəti onların gələcəkdə karyera imkanları qazanmasında, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayacaq: “Gələn ilin iyununda Bakıda keçiriləcək “Formula 1” üzrə Avropa Qran-Pri yarışlarında və 2017-ci ildə paytaxtda reallaşacaq IV İslam Həmrəylik Oyunlarında könüllülərin özünəməxsus imzası olacaq”.
Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Azərbaycanda könüllülük fəaliyyəti geniş vüsət alıb: “Bunun ən bariz nümunəsini I Avropa Oyunlarında müşahidə etdik. Azərbaycana gələn turistlər oyunlar barədə fikirlərini bölüşəndə ilk olaraq könüllülərin işini yüksək qiymətləndirirdilər. Onu da qeyd edim ki, könüllülük hərəkatı Azərbaycanda yeni deyil. 300-dən artıq gənclər təşkilatı könüllülük prinsipi ilə bir çox layihələr həyata keçirib”.
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxışında gənclərin xoşbəxt insan olduqlarını vurğulayıb: “Çünki siz müstəqil Azərbaycan dövlətində yaşayırsınız. Siz ağır günləri görməmisiniz. Bunun üçün də xoşbəxtsiniz. Azərbaycanın başına gələn fəlakətlərin şahidi yaşlı nəsil olub. Danılmaz faktdır ki, Dağlıq Qarabağ probleminin üzərindən uzun zaman keçsə də, bu yara hər kəsin qəlbində iz salıb. Zaman gələcək ki, siz gənclər bu problemi həll edib, Şuşaya və digər işğal altında olan torpaqlara gedəcəksiniz. Vətənin əsgəri olmağa hazır olan gənc bilməlidir ki, ən çətin iş onun qəlbinin və fikrinin fəth edilməməsidir. Hər bir azərbaycanlı üçün müqəddəs olan bir amil onun ailə dəyərləridir. Xalqın ideologiyasına zidd olan mentalitet yoxdur. Postmodern ölkə olaraq təhlükəli ideologiyalara son qoya bilmişik. Könüllülər hərəkatı da bu istiqamətdə bir çox addımlar atmağa qadirdir”.
O qeyd edib ki, təhsildə kreativ insanları yetişdirməyə qadir olan mühitin olması zəruridir: "Belə insanların da əksəriyyəti məhz gənclər ola bilər. Hətta kreativ insanlar hərəkatı da yaradıla bilər".
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Nato Alhazişvili deyib ki, BMT könüllülərin fəaliyyətini hər zaman yüksək qiymətləndirib: "Çünki belə olduğu təqdirdə onlar çox gözəl işlər ortaya qoya bilər".
Onun sözlərinə görə, Azərbaycan bu günə qədər könüllülük hərəkatını xüsusi diqqətdə saxlayıb və dəstəkləyib: “Vəzifəmiz ən yaxşı işləri və təcrübələri başqalarına göstərməkdir. Bu mənada inanırıq ki, tək gənclərlə bağlı siyasəti deyil, eləcə də könüllülərlə bağlı işləri də başqalarına nümunə göstərə bilərik.
Çıxışlardan sonra “BİR” tələbə-könüllü proqramının təqdimatı olub. Bildirilib ki, proqram pilot layihə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən 10 ali təhsil müəssisəsini əhatə edir. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə cəlb olunacaq, onlara “Əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti özündə birləşdirən layihə təqdim ediləcək.