​Azərbaycan hökuməti ümumtəhsil məktəblərində dərs ilinin müddətini artırıb

​Azərbaycan hökuməti ümumtəhsil məktəblərində dərs ilinin müddətini artırıb Baş nazirin qərarı ilə tətil müddəti azaldılıb
Elm və təhsil
342
5 Noyabr , 2014 09:15

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasizadə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qərar imzalayıb. “Report” xəbər verir ki, dəyişikliyə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun.

Həmçinin, dərs ili ərzində bu tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün isə daha 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.

Qeyd edək ki, indiyədək ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatırdı. Dərs ili iki yarımilə bölünmüşdü: birinci yarımil - 15 sentyabr - 29 dekabr, ikinci yarımil - 6 yanvar - 31 may.

Dərs ili ərzində bu tətillər müəyyən edilirdi: 6 gün payız tətili (12-17 noyabr), 7 gün qış tətili (30 dekabr - 5 yanvar), 8 gün yaz tətili (17-24 mart). Birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil var idi.

Son xəbərlər

Orphus sistemi