Bakıdakı Azərbaycan - Fransa Universitetində (UFAz) Azərbaycan - Fransa əmək və karyera sərgisi işə başlayıb.
“Report” xəbər verir ki, Azərbaycan - Fransa Ticarət Palatası, Azərbaycan - Fransa Məzunlar Assosiasiyası tərəfindən Fransa səfirliyinin də dəstəyilə təşkil olunmuş sərgi Fransa ali məktəblərindən məzun olmuş Azərbaycan vətəndaşlarının işlə təmin olunması üçün nəzərdə tutulur. Belə ki, həmin məzunlar “Total Energies”, “Alstom”, “Azərbaycan Beynəlxalq Bankı”, “Schneider Electric”, “Société Générale”, “Schlumberger”, “PashaBank”, IBIS, “Shirvan Wines” kimi hər iki ölkənin nüfuzlu şirkətlərinin nümayəndələrilə görüşmək fürsəti qazanırlar.
Həmçinin sərgidə “Campus France”, University Foundation Courses (UFC) kimi Fransada ali təhsilə hazırlıq qurumları da iştirak edir.
Tədbirin açılışında Fransanın Azərbaycandakı səfiri Zəkəriyyə Qros bildirib ki, sərgidə azərbaycanlı gənclər Fransada ən əlverişli ixtisasartırma və iş proqramlarını seçə biləcəklər.
“Tələbələr məhz hansı sahədə çalışaraq uğur qazanmaq istədiklərini aydın dərk etməlidir. Bugünkü sərginin daha bir xüsusiyyəti yerli tələbələrlə Fransada ali təhsil almış azərbaycanlılar arasında fikir mübadiləsidir. Bu sahədə “Total Energies” şirkətilə yaxından əməkdaşlıq edərək Fransada müəyyən ixtisasartırma kursları və ali təhsil təqaüdlərini təklif edirik. Bu gün Azərbaycanda yeni istiqamət və imkanlar yaranır. O cümlədən ADA Universitetilə Monpelye Universiteti arasında əməkdaşlıq əlaqələrini misal çəkə bilərəm” - deyən səfir UFAz-ın da fəaliyyətini yüksək qiymətləndirib.
“Total Energies EP Absheron” şirkətinin baş direktoru Regis Aqut da bu cür sərgilərin əhəmiyyətini qeyd edərək SOCAR ilə səmərəli əməkdaşlıq etdiklərini dilə gətirib.