Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutu açılıb

Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutu açılıb “Böyük Çin”, “Jasmin”, “Sarı gəlin” Çin və Azərbaycan xalq mahnıları Çin dilində səsləndirilib
Elm və təhsil
24 İyun , 2016 17:17
Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutu açılıb

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) Çin Xalq Respublikasının (ÇXR) Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) ADU ilə əməkdaşlığı çərçivəsində Konfutsi İnstitutunun açılış mərasimi keçirilib.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən “Report”a verilən məlumata görə, universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, fəaliyyət istiqamətləri və dil mərkəzləri haqqında onlara geniş məlumat verib.

Xucjou Universitetinin rektoru Çjan Litsin rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, tədris prosesi barədə danışan Çjan Litsin ADU-da Konfutsi İnstitutunun yaranmasının tərəflər üçün faydalı olacağını deyib.

Görüş zamanı ADU-da Konfutsi İnstitutunun açılışı ilə bağlı razılaşma da imzalanıb.

Rəsmi qəbuldan sonra rektor universitetdə Konfutsi İnstitutunun açılmasının Azərbaycan-Çin münasibətlərinin möhkəmlənməsinə və iki ölkə arasında humanitar əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini qeyd edib.

Professor ÇXR-in Xucjou Universiteti və ADU arasında imzalanmış müqaviləyə əsasən fəaliyyətə başlayan Konfutsi İnstitutuna yüksək ixtisaslı Çin dili mütəxəssislərinin gələcəyini, həmçinin Dillər Universitetinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin Çində təcrübə keçəcəyini vurğulayıb.

Sonra Konfutsi İnstitutlarının Qərargahının direktoru Sü Linin təbrik məktubu oxunub.

Xucjou Universitetinin beynəlxalq əməkdaşlıq inkişafı barədə danışan Xucjou Universitetinin rektoru Çjan Litsin ADU-da Konfutsi İnstitutunun açılmasının Azərbaycan ictimaiyyəti üçün faydalı olacağına, o cümlədən Çinin qədim tarixi və unikal mədəniyyəti ilə yaxından tanış ola biləcəklərinə əminliyini ifadə edib.

Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Li ADU-da Konfutsi İnstitutunun açılmasını Azərbaycan-Çin əməkdaşlığının inkişafında, xüsusilə təhsil sahəsində mühüm hadisə kimi qiymətləndirib. O, Konfutsi İnstitutunun Çin və Azərbaycan xalqları arasında humanitar körpü kimi əhəmiyyətli rol oynayacağına ümid etdiyini deyib.

Tədbirdə çıxış edən ADU-nun Azərbaycan tərəfinin Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Dillər Universitetinin Çin dili və Mədəniyyət Mərkəzinin əsasında Konfutsi İnstitutu yaradıldığını və onun ümumi təhsil və mədəni-maarif fəaliyyəti barədə məlumat verib.

Mərasimin sonunda nəfəsli musiqi alətləri ilə “Dağlarında Buludlar”, Çin milli ansamblının lirik seriyasına aid “Gusaya gəzinti” adlı ənənəvi melodiyalar musiqisi səsləndirilib. Çinli qonaqlar öz ölkələrinə xas olan xəttatlıq sənəti və “Uşu” ənənəvi Çin gimnastika elementləri nümayiş etdiriblər.

Daha sonra ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbələri bədii proqramla çıxış ediblər. “Böyük Çin”, “Jasmin”, “Sarı gəlin” Çin və Azərbaycan xalq mahnıları Çin dilində səsləndirilib, ənənəvi rəqslər ifa edilib, “Tszipao” Çin milli qadın geyimləri nümayiş olunub.

Tədbirdə keçirilən çay mərasimində müxtəlif üslublarla hazırlanmış fərdi çay növləri qonaqlara təqdim edilib.

Son xəbərlər

Orphus sistemi