Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan
- Azərbaycan dilinin elmi qrammatikasının hazırlanması ilə bağlı qərar qəbul edilib. Hazırda bununla bağlı hansı işlər görülür?
- Azərbaycan dilinin elmi qrammatikasının akademik nəşri 3 cildə 1978-1980-ci illlərdə nəşr olunub. Kitab “Müasir Azərbaycan dili” adlanır. Hazırda bu kitabın üzərində iş gedir. Bizim hazırlayacağımız kitab 4 cilddən ibarət olacaq: Fonetika, Leksika, Morfologiya və Sintaksis.
“Fonetika” bölməsindən ibarət ilk kitab artıq hazırdır, 700 səhifədən ibarətdir. İndi isə ikinci cildin hazırlanmasına başlanılıb. 2021-ci ilə qədər biz həmin kitabları tam şəkildə nəşr etdirməyi planlaşdırırıq.
Ötən 50 ildə dildə olan yeniliklərin hamısı həmin kitablarda əksini tapacaq. Bu lüğətin hazırlanmasına ancaq bizim institutun əməkdaşları deyil, digər dilçi alimlər də cəlb olunub.
- Prezident
- Dilçilik İnstitutu Monitorinq Mərkəzinin 24 maddədən ibarət nizamnaməsini Nazirlər Kabinetinə təqdim edib. Fərmanda mərkəzin bu ayın axırına kimi yaradılması tapşırılıb. Digər işlər Nazirlər Kabinetinin səlahiyyətindədir. Biz, sadəcə, təklif vermişik. Dilçilik İnstitutu öhdəsinə düşən işləri görüb.
- Monitorinq Mərkəzinin hansı səlahiyyətləri olacaq?
- Mərkəzin səlahiyyətləri çox geniş olacaq. Məsələn, cərimə tətbiq edəcək. Bu məsələ fərmanın 7-ci bəndində əksini tapıb. Həmçinin qurumların fəaliyyətini yoxlayacaq.
- Söhbət hansı qurumların fəaliyyətindən gedir?
- Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Milli Televiziya və Radio Şurasının, Mətbuat Şurasının, Dövlət Reklam Agentliyinin fəaliyyətini yoxlayacaq. Dövlət Reklam Agentliyinin icazə verdiyi reklamların dili, mətbuat orqanları, televiziya kanalları və saytlar monitorinq ediləcək. Qanun pozuntusuna yol verən fiziki və hüquqi şəxslər cərimə olunacaq.
Dərman içliklərinin dilinin yoxlanması da nəzərdə tutulur. Mərkəz Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bəzi qurumları da yoxlayacaq.
Monitorinq Mərkəzinin yaradılmasında məqsəd yalnız kimisə cərimə etmək deyil, adlarını qeyd etdiyim qurumlarla müqavilə bağlana, onlara təkliflər də verilə bilər.
- “İzahlı dilçilik terminləri lüğəti”nin plagiat olması ilə bağlı yayılan fikirlərə münasibətiniz necədir?
- Terminoloji lüğətlərin müəllifi olmur, tərtibçisi olur. Terminlər birmənalı sözlərdir, onları başqa cür açıqlamaq mümkün deyil. Bu, dünya təcrübəsində qəbul olunmuş fikirdir. Tərtibçilər isə əvvəlki lüğətlərdə olan sözləri toplayır, onları sistemləşdirir, ümumiləşdirir, yeni sözlər daxil edir.
Böhtana məruz qalan həmin “İzahlı dilçilik terminləri lüğəti”də olan 7500 sözdən 4200-ü yenidir, plagiatdan danışanlar bundan da danışsınlar. Həmin kitabı 5 nəfər tərtib edib.
- Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nə zaman nəşr olunacaq?
- Artıq yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə hazırdır. Nazirlər Kabinetinin “Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini təsdiq etməsini gözləyirik. Lüğət 2019-cu ilin ortasına kimi nəşr olunacaq. Lüğətdə azı 115 min söz olacaq. Köhnə lüğətdən olan bəzi sözlər yeni lüğətə salınmayıb. Bu lüğətə çoxlu yeni söz əlavə olunub.