Sofiya. 12 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstana səfər çərçivəsində “Müqəddəs Kiril və Mefodi” adına Milli Kitabxanada olub.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Milli Kitabxananın direktor müavini Marçela Borisova ilə görüşdə AMEA prezidenti A.Əlizadə akademiyanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb və elm ocağının fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra A.Əlizadə AMEA-nın hazırladığı “Azərbaycan Respublikasının Milli Atlası” və “Dünya Palçıq Vulkanları Atlası”nı sözügedən hədiyyə edib. O, hər iki atlasın professor, müəllim-tələbə heyəti üçün faydalı və dəyərli əyani vəsait olacağını bildirib.
Milli Kitabxananın direktor müavini M. Borisova kitabxanaya hədiyyə olunan atlaslar üçün AMEA prezidenti, akademik A.Əlizadəyə təşəkkür edib. O, bildirib ki, sözügedən hər iki atlas mayın 11-də Müqəddəs Kiril və Mefodi bayramı münasibətilə təşkil olunacaq “Milli Kitabxananın xəzinələri” sərgisində nümayiş olunacaq. Görüşdə, həmçinin kitabxana işi sahəsində gələcək əməkdaşlıq, bolqar oxucular üçün atlasların elektron variantına çıxış və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova da iştirak edib.