Bakı. 10 may. REPORT.AZ/ Avstriyanın Vyana Təbiət Tarixi Muzeyinin (VTTM) meteorit kolleksiyası üzrə koordinatoru, Beynəlxalq Meteoritlər Cəmiyyətinin üzvü, professor Ludovic Ferriere AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olub.
Bu barədə "Report"a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Qonağa rəsədxananın tarixi, fəaliyyət istiqamətləri, teleskopları və hazırda yerinə yetirilən elmi-tədqiqat işləri barəsində məlumat verilib, birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində L.Ferriere ŞAR-ın seminarında çıxış edib. Tədbiri ŞAR-ın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev açaraq qonağı iştirakçılara təqdim edib. E.Babayev bildirib ki, avstriyalı alimin səfərinin əsas məqsədi ŞAR-ın Astronomiya Muzeyində qorunub saxlanılan Yardımlı meteoritinin müasir texnologiyalarla yenidən analizi, həmçinin digər meteoritlərlə bağlı məlumatların zənginləşdirilməsi və dəqiqləşdirilməsidir. Bundan əlavə, 1906-cı ildə tapılmış Kulp meteoritinin ermənilərin iddialarının əksinə olaraq, Azərbaycana məxsusluğunun dəlillərlə sübut edilməsi də planlaşdırılır.
Daha sonra qonaq seminarda “Meteoritlər və onların Yer üzərindəki zərbə kraterləri: biz onlardan nə öyrənirik?” mövzusunda məruzə ilə çıxış edib. O, əvvəlcə dünyanın unikal eksponatlarının saxlanıldığı VTTM haqqında məlumat verib. Qeyd edib ki, əsası 1876-cı ildə qoyulan VTTM dünyanın ən çox nadir kolleksiyası olan muzeylərindən biridir: “Burada müxtəlif elm sahələrinə aid milyonlarla eksponat saxlanılır. Muzeyin minerallar və meteoritlər şöbəsində minlərlə meteorit nümunəsi var”.
Azərbaycan ərazisindən tapılan meteoritlərdən danışan natiq vurğulayıb ki, 1891-ci ildə Ağcabədi rayonu ərazisindən aşkarlanan Hindarx meteoritinin kiçik hissələri dünyanın bir çox muzeylərində, o cümlədən Vyana Təbiət Tarixi Muzeyində də saxlanılır.
Daha sonra L.Ferriere Yer üzərindəki zərbə kraterləri, onların yayılma arealından və ekspedisiyalarından bəhs edib.