Avropa Şərq Tərəfdaşlığı Məktəbinin təqaüdlərinə ərizə qəbulunun vaxtı uzadılıb

Avropa Şərq Tərəfdaşlığı Məktəbinin təqaüdlərinə ərizə qəbulunun vaxtı uzadılıb Bakı. 1 mart. REPORT.AZ/ Avropa İttifaqı Avropa Şərq Tərəfdaşlığı Məktəbinə şagird qəbulunu davam etdirir.
Elm və təhsil
1 Mart , 2019 19:53
Avropa Şərq Tərəfdaşlığı Məktəbinin təqaüdlərinə ərizə qəbulunun vaxtı uzadılıb

Bakı. 1 mart. REPORT.AZ/ Avropa İttifaqı Avropa Şərq Tərəfdaşlığı Məktəbinə şagird qəbulunu davam etdirir.

“Report” xəbər verir ki, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan və Avropa və Avropa İttifaqı ilə bağlı biliklərini artırmaq istəyən 16-17 yaşlı məktəblilərdən təqaüdlər üçün ərizələrin qəbulu martın 18-dək davam edəcək.

Altı ölkədən ərizə qəbulunda ən yaxşı nəticə göstərən otuz beş məktəblinin yüksək keyfiyyətli, beynəlxalq miqyasda tanınan, Avropaşünaslıq istiqaməti üzrə “Beynəlxalq Bakalavriat” (BB) diplomunu əldə etməsinə dəstək göstərəcək bu təqaüd proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. 2019-2020-ci tədris ilindən başlamaqla iki illik akademik kursu əhatə edən Avropa Şərq Tərəfdaşlığı Məktəbi Proqramı Tbilisi şəhərindəki “New School” məktəbində həyata keçirilir.

Bu unikal diplom proqramı Avropa Məktəbləri sisteminə əsaslanan ixtisaslaşmış tədrislə “Beynəlxalq Bakalavriat” proqramının akademik üstünlüyünü özündə birləşdirir. Seçilmiş məktəblilər Avropa və Avropa İttifaqı barədə təsəvvürlərini genişləndirmələri, habelə Avropa dilləri, ədəbiyyatı və tarixi ilə bağlı biliklərini dərinləşdirmələri məqsədilə çoxdilli və multikultural mühitdə təhsil alacaqlar. Məktəblilər həmçinin geniş sinifdənkənar fəaliyyət proqramından yararlana biləcək və Avropa ilə bağlı mövzularda yüksək səviyyəli konfranslarda iştirak etmək imkanına malik olacaqlar. Müdavimlər Avropaşünaslıq istiqaməti üzrə “Beynəlxalq Bakalavriat” Diplomu ilə məzun olacaqlar.

Avropa Şərq Tərəfdaşlığı Məktəbi Şərq Tərəfdaşlığı ölkələrindən olan gənclər üçün təhsil və regionlararası mübadilə imkanlarının artırılması məqsədilə Avropa İttifaqı və onun tərəfdaş ölkələri tərəfindən göstərilən səylərin tərkib hissəsi olaraq təsis edilmişdir.

Maraqlanan məktəblilər öz ərizələrini 18 mart 2019-cu il, saat 12:00-dək (günorta, UTC +4:00) www.eapeuropeanschool.eu veb-saytı vasitəsilə təqdim edə bilərlər. Seçim prosesinə öncədən seçilmiş namizədlər üçün yazılı sınaqlar və müsahibələr daxil olacaqdır. 2019-2020-ci tədris ili üzrə təqaüd qazanan şəxslərin siyahısı 2019-cu ilin may ayının sonunadək elan ediləcək.

Son xəbərlər

Orphus sistemi