Rusiya alimləri bakteriya, göbələk və viruslara qarşı effektiv mübarizə aparmaq üsulu tapıblar.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.
Bildirilib ki, mütəxəssislər soyuq plazma ilə emal edilən suyun hətta koronavirusa qarşı öldürücü silah ola biləcəyini müəyyənləşdiriblər.
İnfeksiyanın yayılması fonunda hava ilə yanaşı, virusun yerləşə biləcəyi səthlərin də dezinfeksiya olunması əhəmiyyətlidir.
Mütəxəssislər tərəfindən hazırlanmış maye orqanizm üçün tamamilə təhlükəsizdir. “Maqnaril” adlandırılan mayedə zülallar məhv olur və maye quruduqdan sonra səthdə heç bir virus qalmır.
Belə mayedən maskaların və müxtəlif əşyaların təmizlənməsi üçün istifadə etmək olar. O, istehsal üçün kifayət qədər sərfəlidir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 204 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 026 688 nəfərdir. Bunların 218 573 nəfəri sağalıb, 54 045 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.