AMEA-nın koronavirusa görə bağlanan kitabxanası tibbi xidmət göstərəcək

Elm və təhsil
  • 13 mart, 2020
  • 13:48
AMEA-nın koronavirusa görə bağlanan kitabxanası tibbi xidmət göstərəcək
AMEA-nın Mərkəzi Elmi Kitabxanası

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) oxucular, əməkdaşlar və akademiyanın digər elmi müəssisələrinin işçiləri üçün tibbi xidmət göstərəcək.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Bu, akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında müvafiq sərəncamına əsasən həyata keçiriləcək.

Qeyd olunub ki, bu məqsədlə kitabxananın ilk tibbi yardım otağı əməkdaşları və oxucuları qəbul etməyə hazırdır.

Burada koronavirusa oxşar simptomlarla müraciət edən şəxslərə bədən hərarətinin ölçülməsi, boğazın müayinəsi, steril tənziflərin (maskaların) verilməsi, simptomatik müalicə kimi tibbi xidmətlər təklif oluna bilər. Bundan başqa, şikayətlərin toplanılması (anamnez), təhlükəsiz davranış üzrə təlimatlandırma (çap formatda), MEK-in ərazisinin müntəzəm olaraq sanitar-gigiyenik işlənilməsi də göstəriləcək tibbi xidmətlər sırasındadır.

Qeyd edək ki, martın 19-da kitabxanada əsaslı sanitar-dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub.

Buna görə də MEK koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində oxuculara xidməti martın 13-ü saat 14:00-dan etibarən müvəqqəti dayandırıb. Qeyd olunub ki, kitabxana qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək.

44 - Tezliklə