Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrində əməkdaşların ciddi və obyektiv attestasiyası bal-reytinq sistemi əsasında keçirilməlidir.
"Report" xəbər verir ki, bununla bağlı AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev təkliflə çıxış edib.
Akademik bildirib ki, elmi məhsuldarlıq baxımından kollektivlər “sağlamlaşdırılmalı”, əməkdaşların sayı həll ediləcək problemlərə uyğun olaraq nizamlanmalı, elmi işçilərin əməkdaşların ümumi sayına olan nisbəti optimallaşdırılmalı, bir əməkdaşa düşən elmi məhsuldarlıq yüksəldilməli, beynəlxalq qrantlar müsabiqəsində fəallıq artırılmalıdır.
Onun sözlərinə görə, AMEA-da mövcud olan təbiət elmləri bölmələri ilə ictimai və humanitar elmləri bölmələrinin xüsusiyyətləri nəzərə alınmaqla onların elmi fəaliyyətinin qiymətləndirilmə meyarları, idraəetmə və maliyyələşdirmə üsulları fərqləndirilməlidir: "Lakin istənilən halda akademik elm novatorluq, inkişaf, yeni texnologiyalardan istifadə və çevik biznes təşkili baxımından perspektivli olmalıdır. Elmi müəssisələrin fəaliyyətində əsas tələb həll ediləcək problemin düzgün və konkret qoyulması, xırda, əhəmiyyətsiz, uzun illər mühüm nəticəsi olmayan mövzuların kəskin azaldılması olmalıdır. Bu yolla elmi nəticələrin reallaşmasına, onlara ehtiyac olmasına nail olmaq olar. Problemlərin prioritetlərə görə seçilməsi və elmi müəssisənin profilinə uyğun onların sayının müəyyənləşdirilməsi ekspertiza əsasında həyata keçirilə bilər".