AMEA-da İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb      

AMEA-da İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb       AMEA Rəyasət Heyətinin növbəti iclasında Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Azərbaycanda İraq-Türkman araşdırmaları: yekunlar və vəzifələr” mövzusunda məruzəsi dinlənilib.
Elm və təhsil
13 İyul , 2023 16:09
AMEA-da İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb      

AMEA Rəyasət Heyətinin növbəti iclasında Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Azərbaycanda İraq-Türkman araşdırmaları: yekunlar və vəzifələr” mövzusunda məruzəsi dinlənilib.

Bu barədə "Report"a AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Alim qeyd edib ki, qədim tarixə və zəngin mədəniyyətə malik oğuzları orta əsr müəllifləri türkman adlandırmışlar. Onun sözlərinə görə, “Türkman” etnoniminin etimologiyası ilə məşğul olan alimlərin bir qismi İslamı qəbul edən “türki-man”dan əmələ gəldiklərini, başqa bir qism tədqiqatçılar türkman etnoniminin “türk” və “man” və ya “türkmən” kəlmələrindən yarandığını və “türk adamı” mənasında işləndiyini qeyd etmişlər: “İraqda yaşayan soydaşlarımız həm özlərini, həm də bizi “türkman” adlandırırlar. Günümüzdə Güney və Quzey Azərbaycanda “Türkman” və “Türkman eli” məfhumları işlənmədiyi halda, İraqda yaşayan soydaşlarımız “Türkman” kimliyini saxlayır, yaşadıqları əraziləri isə “Türkman eli” kimi təqdim edirlər. Azərbaycan dili və Kərkük ləhcəsi ilə tanış olan bütün tədqiqatçılar da kərküklülərin azərbaycanca danışdığını qeyd edirlər”.

Professor Qəzənfər Paşayev Azərbaycan və İraq-Türkmanları arasında ədəbi-mədəni əlaqələrin qurulması sahəsində bir sıra addımların atıldığını, qədim tarixi keçmişə malik Azərbaycan-İraq ədəbi-mədəni əlaqələrinin inkişafında Azərbaycan radiosunun ərəb verilişləri şöbəsinə işə dəvət olunan kərküklü Sinan Səidin xüsusi xidmətləri olduğunu söyləyib. Həmçinin Azərbaycan-İraq ədəbi-mədəni mühiti ilə bağlı özünün müəllifi olduğu 20 kitab və onlarla məqalənin işıq üzü gördüyünü vurğulayıb. Bundan əlavə, AMEA-nın humanitar və ictimai elmlər sahəsində fəaliyyət göstərən bir sıra alimlərin Azərbaycan-İraq ədəbi-mədəni əlaqələrinə öz elmi əsərləri ilə mühüm töhfə verdiklərini deyib. İraq türkmanları ilə bağlı ilk dəfə bu səviyyədə müzakirələrin aparılmasını yüksək qiymətləndirən və minnətdarlığını bildirən professor Qəzənfər Paşayev bu istiqamətdə bir sıra təkliflərini səsləndirib.

Sonra iclasda mövzu ilə əlaqədar müzakirələr aparılıb.

Müzakirələrdə akademiklər Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, İradə Hüseynova, filologiya elmləri doktoru Əfzələddin Əsgər və başqaları çıxış edərək fikirlərini səsləndiriblər.

Akademik İsa Həbibbəyli bildirib ki, professor Qəzənfər Paşayev uzun illərdir İraqda yaşayan türkmanlarla bağlı ciddi tədqiqatlar aparır, İraq türkmanlarının folklorunu, ədəbiyyatını, dialektologiyasını öyrənir və o, ölkəmizdə kərkükşünaslıq üzrə ən önəmli araşdırmaçılardan biridir.

Son illərdə Prezident İlham Əliyevin tapşırığı və səyləri nəticəsində Azərbaycanın türk dövlətləri ilə əlaqələrinin genişləndiyini, Azərbaycan və Türkiyənin səyləri ilə Türk Dövlətləri Təşkilatının yarandığını deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, ölkəmizin qarşılıqlı əməkdaşlığının hədəfləndiyi türk xalqlarından biri də İraq türkmanlarıdır.

Akademik İsa Həbibbəyli qeyd edib ki, İraqda yaşayan türkmanlarla elmi əlaqələrin qurulması Akademiyanın yaxın perspektivdə qarşısında duran hədəflərdəndir və AMEA bu istiqamətdə üzərinə düşən vəzifələri məsuliyyətlə və layiqincə yerinə yetirəcəkdir.

Daha sonra iclasda İraq-Türkman ədəbi-mədəni mühitinin, tarixinin, dilinin, etnoqrafiyasının və folklorunun daha geniş şəkildə öyrənilməsi və sistemləşdirilməsi məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə yeni yaradılan İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının tərkibi təsdiqlənib. Şuranın sədrliyinə akademik Teymur Kərimli, sədr müavinliyinə professor Qəzənfər Paşayev, üzvlüyünə isə tanınmış türkoloq alimlər təsdiq olunublar.

Professor Qəzənfər Paşayevin məruzəsində irəli sürülən təkliflərin İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının iş planında nəzərə alınmasına qərar verilib. Eyni zamanda, İraq-Türkman gənclərinin doktorantura təhsili almaları üçün münasib şərait yaradılacağı nəzərə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi