Bakı. 28 aprel. REPORT.AZ/ “Akademiyanın qurumları 2016-cı ildə də bir-biri ilə təmasda işləyiblər. Çünki elmlərin təmasında tədqiqatların aparılması yeniliklərin gətirilməsinə nail olmaq yoludur. Akademiyanın bölmələrinin isə hələ də kumilyativ imkanları qalmaqdadır ki, bundan gələcəkdə də istifadə etmək niyyətdindəyik”.
“Report” xəbər verir ki, bunu AMEA-nın prezidenti Akif Əlizadə Akademiyanın Ümumi yığıncağında çıxışı zamanı deyib.
A.Əlizadə qeyd edib ki, ötən il müvafiq qurumlara innovativ təkliflər hazırlanıb göndərilib: “Təklifimiz Azərbaycan torpaqları ilə bağlı idi. Nazirlər Kabineti tərəfindən təklifimiz qəbul olundu. Torpqaların münbitliyinin artırılması üçün Kənd Təsərrüfatı Nazirliyi ilə bu istiqamətdə işlər davam edir”.
O, əlavə edib ki, Akademiyanın alimləri ötən il 14 dövlət proqramının icrasında iştirak ediblər. AMEA-nın prezidenti vurğulayıb ki, builki qəbuldan sonra 200-dən artıq magistr Akademiyada çalışacaq.
AMEA prezidenti bildirib ki, bu gün Azərbaycandakı bütün elmi işçilərin 30%-i akademiyada çalışır. Onun sözlərinə görə, akademiyanın əməkdaşları, alimləri, üzvlərinin 60%-nin nəşrləri infaktorlu jurnallarda çap olunub: “Bu da onu göstərir ki, Akademiya alimləri çox fəal şəkildə elmin inkişafında iştirak edirlər. Akademiyanın bölmələri bu il ərzində yenə də bir-birilə təmasda işləməyə səy göstəriblər. Elmlərin təmasında tədqiqatların aparılması nəticəsində yenilik gətirməyə nail olunur. Amma AMEA institutlarının kumilyativ imkanları hələ də tükənməyib. Bunlardan gələcəkdə də istifadə etmək niyyətindəyik. Bu gün ölkə rəhbərliyi və Azərbaycan ictimaiyyəti qeyri-neft sektorunun inkişafına diqqət etdirir. Bu istiqamətdə qəbul olunmuş sərəncam əsasında yol xəritəsinin icrası üçün alimlərin qarşısında ciddi və məsul problemlər qoyulur. Onlar ilk növbədə elm tutumlu layihələr, importa əvəzləmə, texnoloji təşəbbüslə, innovativ təkliflərlə çıxış etməlidirlər”.