Müəllif hüququ ilə qorunan obyektdən reklamda qanuni şəkildə istifadə etmək üçün əsərin yaradıcısı müəyyənləşdirilməli və ondan icazə alınmalıdır.
Bu barədə reklamlarda müəllif hüquqlarının qorunması ilə əlaqədar proseslərin tənzimlənmə məsələsi ilə bağlı "Report"un sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Bildirilib ki, reklamlarda müəllif hüquqlarının qorunması dedikdə, buraya reklam çarxları, fotolar, mətnlər, afişalar, plakatlar, stendlər və s. daxildir:
"Reklamda istifadə olunan mətn, video, dizayn, musiqi əqli fəaliyyətin nəticəsidir. Onların müəllifləri var. Müəllif hüququ ilə qorunan obyektdən reklamda qanuni şəkildə istifadə etmək üçün əsərin yaradıcısını müəyyənləşdirmək və ondan reklamda istifadə etmək üçün icazə alınmalıdır".
Məlumatda vurğulanıb ki, müəlliflər xüsusi müqavilələr bağlamaq yolu ilə öz əsərlərinin istifadə hüquqlarını birbaşa reklam verənə və ya reklam edən şəxsə keçirə bilərlər:
"Reklamlarda müəlliflik hüququnun tələbləri pozulduğu halda müəllif və hüquq sahibləri Əqli Mülkiyyət Agentliyinə və ya birbaşa məhkəməyə müraciət edə bilərlər. Agentlikdə müəlliflərə və hüquq sahiblərinə hüquqi yardım edilir və müvafiq məsləhət verilir. Mübahisələr məhkəmə səviyyəsində baxıldıqda Agentlik üçüncü şəxs qismində məhkəmə işinə cəlb oluna bilər".