"Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 22 ixtisas üzrə Azərbaycan bölməsi ilə yanaşı, son illər ixtisas sayı 3-dən 10-a çatdırılan rus bölməsi də fəaliyyət göstərir. Bundan başqa, bu ildən bakalavr səviyyəsində ibtidai sinif və riyaziyyat müəllimliyi ixtisasları üzrə ingilis bölməsi də açılıb".
"Report" xəbər verir ki, bunu ADPU-nun rektoru, professor Cəfər Cəfərov ali təhsil müəssisəsinin 100 illik yubileyinə həsr olunan mərasimdə çıxışı zamanı deyib.
O qeyd edib ki, ADPU bu gün 18 600 nəfərdən çox tələbəsi, 1684 nəfərlik professor-müəllim və inzibati-texniki heyəti ilə ölkənin ikinci ən böyük ali təhsil ocağına çevrilib: "Son 100 ildə ADPU-nu 160 mindən çox tələbə bitirib. Onlar da istər təhsil sferasında, istərsə də çalışdıqları digər sahələrdə Azərbaycanın ümumi inkişafına, sosial-iqtisadi və mədəni tərəqqisinə kifayət qədər sanballı töhfələr veriblər".
Rektorun sözlərinə görə, bu il ADPU məzunlarının Müəllimlərin İşə Qəbul imtahalarındakı nəticələri də uğurlu olub: "Belə ki, magistraturaya daxil olanlar və hərbi xidmətə yollananlar istisna olmaqla, universiteti bitirmiş 2 119 bakalavrdan 1306-sı (61%-i) həmin imtahanlarda iştirak edib, onlardan 1089 nəfəri (83%-i) 30-dan yuxarı bal toplayıb. O cümlədən 530 nəfər (49%) 40-60, 184 nəfər isə (16.8%) 50-60 bal yığaraq yüksək nəticə göstərib. Cəmi bir neçə il əvvəllə müqayisədə bu göstərici bəzi ixtisaslar üzrə 4-5, bəzilərində isə 7-8 dəfə yaxşılaşma deməkdir".
"ADPU-da artıq 4-cü ildir ki, daxili keyfiyyət sisteminin bir aləti olaraq professor-müəllim heyəti üçün reytinq qiymətləndirmə sistemi qurulub. Cari tədris ilindən həm də institusional qiymətləndirmə alətinin tətbiqi nəzərdə tutulur ki, bu da ölçülə bilən meyarlar əsasında universitetin struktur bölmələrinin performansını müqayisəli şəkildə qiymətləndirməyə imkan verəcək. Nəzdimizdəki Azərbaycan Dövlət Pedaqoji Kollecində və ölkənin 5 müxtəlif regionunda yerləşən filiallarımızda da keyfiyyətin artırılmasına yönələn ardıcıl və məqsədyönlü tədbirlər görülür. Bu il 30 illiyini qeyd etdiyimiz Şəki, Şamaxı və Quba filiallarının gələcəkdə müstəqil ali məktəblərə çevrilməsi yönündə də indidən müvafiq addımlart atılır",- C.Cəfərov əlavə edib.