Tələbələrə iş və karyera imkanları təklif edən 100-dən çox dövlət qurumunun və şirkətin iştirakı ilə bu gün ADA Universitetində Karyera sərgisi keçirilir.
"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin prorektoru Fariz İsmayılzadə bu yarmarkanın 10 ildən artıqdır ki, keçirildiyini vurğulayıb.
"Bugünkü yarmarkada tələbələrə müxtəlif karyera imkanları, qısamüddətli təlimlər, könüllülük, eləcə də yay məktəblərində iştirak etmək imkanı təklif edən 129 şirkət təmsil olunur. Bu yarmarka iki həftəlik karyera hazırlığı proqramının tərkib hissəsidir”, - o deyib.
İsmayılzadənin sözlərinə görə, ADA Universiteti artıq bir neçə ildir ki, korporativ sektorla sıx əməkdaşlıq edir.
Öz növbəsində ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal qeyd edib ki, bu yarmarka arzuların, yeni imkanların, ideyaların yarmarkası olmaqla yanaşı, həm də gənc kadrlarla şirkətlər arasında körpü rolunu oynayır.
"Gələcək liderlərin karyera yüksəlişi universitetimiz üçün çox vacibdir", - ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev bildirib.