ADA Universitetində görkəmli polşalı qadınlara həsr olunmuş tədbir keçirilib.
“Report” xəbər verir ki, tədbir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Polşa səfirliyinin birgə təşkilatçılığı ilə Aİ-nin “Qadın böyük gücdür!” adlı ictimai kampaniyası çərçivəsində baş tutub.
Əvvəlcə qonaqlar “Görkəmli Polşa qadınları” mövzusunda təşkil edilmiş sərgi ilə tanış olub, sonra eyniadlı kitabın təqdimatı keçirilib. Tədbir iştirakçıları öz fəaliyyətləri və yaradıcılığı ilə dünyanı yaxşıya doğru dəyişən məşhur polşalı qadınların (rəssamlar, alimlər, səyahətçilər və s.) həyat və nailiyyətləri haqqında ətraflı məlumat əldə ediblər. Sərgi dünyada iki dəfə Nobel mükafatı alan ilk və yeganə qadın, eləcə də təbiət elmlərinin iki müxtəlif sahəsi üzrə bu mükafata layiq görülən yeganə şəxs olan fizik və kimyaçı Mariya Sklodovska-Küriyə, 2018-ci ildə Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı olan nasir və esseist Olqa Tokarçuka, həmçinin, İkinci Dünya müharibəsi illərində nasist gettosundan 2500-ə yaxın uşağı xilas edən fəal İrena Sendlerovaya həsr olunub.
Tədbiri giriş sözü ilə açan Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bildirib ki, əvvəllər qızların təhsil və karyera imkanları o qədər də çox deyildi, lakin indi qızlar və qadınlar öz arzularının ardınca gedə və bir çox sahələrdə, o cümlədən ənənəvi olaraq “kişi”lərə xas hesab edilən sahələrdə uğur qazana bilərlər.
"Polşa səfirliyində çalışan 20 nəfərdən 10-u qadındır. Onlar diplomatik xidmətdən tutmuş menecerə qədər müxtəlif sahələrdə çalışırlar", - polşalı diplomat bildirib.