ADA Universitetində “Beynəlxalq Liderlik Araşdırma Forumu” keçirilib.
“Report” xəbər verir ki, forumda Azərbaycan, Gürcüstan, Finlandiya, Avstraliya, Cənubi Afrika, Norveç və Almaniyanı təmsil edən yerli və xarici mütəxəssislər, təhsil işçiləri iştirak ediblər.
Tampere Universitetinin (Finlandiya) dosenti Elina Fonsen jurnalistlərə bildirib ki, Azərbaycanda müəllimlər çox yüksək səviyyədə hazırlığa malikdirlər. Eyni zamanda, o qeyd edib ki, Finlandiyada dərslər daha sərbəst atmosferdə, həmçinin açıq havada çoxlu məşqlər şəklində keçirilir ki, ölkədə təhsilin yüksək səviyyədə olmasının sirri məhz bundadır.
Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov qeyd edib ki, son illər Azərbaycanda uşaqların məktəbəqədər təhsillə əhatə olunması səviyyəsi artıb. O, bu göstəricini 100%-ə çatdırmağın planlaşdırıldığını bildirib.
R.Əzizov onu da qeyd edib ki, Azərbaycanın strategiyasına əsasən, məktəbəqədər təhsil sahəsində təhsil alan və sertifikatlaşdırılan müəllimlərin sayının 17 minə çatdırılması nəzərdə tutulur.