Yuxarı

Yeni hökumətlərarası komissiya Xəzər dənizində nərəkimilərin ovlanması üzrə moratorium mexanizmi işləyib hazırlayacaq

Rauf Hacıyev: Məncə, bütün Xəzəryanı ölkələr bu moratoriumu imzalayacaq

Bakı. 21 iyun. REPORT.AZ/ Yeni hökumətlərarası komissiya Xəzər dənizində kommersiya məqsədilə nərəkimilərin ovlanması üzrə moratorium (borc öhdəliyi üzrə ödənişin möhlət hüququ - red.) mexanizmi işləyib hazırlayacaq.

"Report" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Astanada keçirilən Xəzər dənizinin su bioresursları Komissiyasının 36-cı iclası çərçivəsində məlumat verib.

"Hazırkı ana görə Xəzər dənizində nərə balıqlarıyla bağlı vəziyyət gərgin olaraq qalır. Başqa sözlə, Xəzəryanı ölkələrin bütün səylərinə baxmayaraq, balıqların sayı azalır. Bu səbəbdən məsələni daha yüksək səviyyəyə qaldırmaq üçün yeni komissiyanın yaradılması zərurəti yaranmışdı", - deyə R.Hacıyev bildirib.

Beləliklə, 36-cı iclas qurumlararası səviyyədə sonuncu olacaq, növbəti görüş artıq hökumətlərarası səviyyədə keçiriləcək. İştirakçılar üçün bugünkü görüşün əsas məqsədi tərkibinə yalnız balıqçılıq yox, həm də Xəzər dənizinin su bioresurslarının qorunması üçün digər dövlət orqanlarının da daxil olacağı yenilənmiş komissiya üçün prosedur qaydalarının müəyyən edilməsi olacaq.

"Xəzəryanı ölkələrin üçüncü sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev bütün ölkələrin kommersiya məqsədilə nərəkimilərin ovlanması üzrə moratoriumun tətbiqinə dair ortaq məxrəcə gəlinməsi təşəbbüsüylə çıxış edib. Yeni komissiya bu moratoriumun mexanizmini işləyib hazırlayacaq. Məncə, bütün Xəzəryanı ölkələr bu moratoriumu imzalayacaq", - deyə R.Hacıyev vurğulayıb.

R.Hacıyevin sözlərinə görə, tərəflər hələ moratoriumu imzalamasa da, 2010-cu ildən Xəzəryanı ölkələrin hamısı - Qazaxıstan, Rusiya, Azərbaycan, İran və Türkmənistan kommersiya məqsədləri üçün nərə balıqlarının ovuna texniki moratorium həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi