Bu yay ərzində qanunsuz ovla məşğul olanların sayı açıqlanıb

Bu yay ərzində qanunsuz ovla məşğul olanların sayı açıqlanıb Direktor müavini: “Aşkarlanan faktlar əsasən cənub bölgəsində olub”
Ekologiya
20 Avqust , 2016 15:24
Bu yay ərzində qanunsuz ovla məşğul olanların sayı açıqlanıb

Bakı. 20 avqust. REPORT.AZ/ Son iki ayda qanunsuz ovla məşğul olanların sayı açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə “Report”a açıqlamasında bildirib ki, nazirliyin aidiyyəti qurumlarının əməkdaşları son iki ay ərzində qanunsuz ovla məşğul olan 12 nəfəri saxlayıb: “Onlardan 9 ədəd ov silahı götürülüb”.

O xatırladıb ki, iyun ayının 17-dən etibarən ov mövsümü açıq elan edilib: “Amma hazırda əksər ov obyektlərində ovlanma qadağandır. Məsələn, su quşlarının ovuna qadağa davam edir, çünki onlarda çoxalma dövrü bitməyib. Yeganə olaraq Dağıstan turunun ovlanmasına icazə verilir. Çaqqal, qarğa və s. kimi ziyanvericilərin ov müddəti isə il boyu açıqdır”.

Direktor müavini bildirib ki, qanun pozucularına qarşı 12 200 manat məbləğində cərimə tətbiq olunub: “Bu ov mövsümündə cərimələnən xarici vətəndaş olmayıb, saxlanılan şəxslərin hamısı Azərbaycan vətəndaşıdır. Həmin şəxslər ya vaxtı gözləməyib, onlar ya ova icazə verilməyən, ya da qadağa olunmuş əraziyə gediblər”.

H.Əlizadə qeyd edib ki, aşkarlanan faktlar əsasən cənub bölgəsində olub: “Qanunsuz ovla məşğul olanlarla bağlı faktla Biləsuvar, Lənkəran, Ağcabədi, İmişli rayonlarının ərazisində olub”.

Direktor müavini xatırladıb ki, qanunpozucular cəriməni könüllü ödəməyəcəyi halda məhkəməyə verilir: “Əgər məhkəməyə verildikdən sonra da ödəmirlərsə, onda adında olan əmlak hesabına ödəməlidir”.

O bildirib ki, sentyabrın sonunda su quşlarından cüllütkimilərə, oktyabrın 15-dən etibarən isə qaz, ördək, qaşqaldaq və s. quşların ovuna icazə veriləcək: “Qadağan olunmuş quşların ovuna da çox zaman rast gəlinir. Hazırda brokenyerlik halları azdır, amma ov mövsümündə belə hallara çox rast gəlinir”. 

Son xəbərlər

Orphus sistemi