“Yaşıl enerji”yə keçid Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir - RƏY

“Yaşıl enerji”yə keçid Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir - RƏY Milli Məclisin deputatı Vüqar İsgəndərov müasir dünyada “yaşıl enerji”dən istifadənin hər gün daha da artdığını söyləyib.
Ekologiya
3 Aprel , 2024 11:18
“Yaşıl enerji”yə keçid Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir - RƏY

Milli Məclisin deputatı Vüqar İskəndərov “yaşıl enerji”yə keçidin Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirib.

Deputat "Report"a açıqlamasında qeyd edib ki, mütəxəssislər 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisinin dünyadakı ümumi istehsalın 65 faizini təmin edəcəyini proqnozlaşdırır.

"Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər. “Yaşıl enerji”dən istifadə ekoloji cəhətdən əhəmiyyət daşımaqla yanaşı, iqtisadi baxımdan da əlverişlidir", - V.İskəndərov söyləyib.

O bildirib ki, “yaşıl enerji” mənbələrindən istifadə edilməsi üçün səmərəli texnologiyaların tətbiqi enerji təchizatının şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyinin təmin olunması üçün vacibdir:

“Onu da qeyd edim ki, Azərbaycan da “yaşıl enerjidən” istifadəni prioritet məsələlərdən biri kimi gündəmdə saxlayır. Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir. Ümumiyyətlə isə “yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir”.

Deputat onu da əlavə edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti “yaşıl enerji” istehsalı üçün geniş imkanlar yaradır. Onun fikrincə, külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir.

Son xəbərlər

Orphus sistemi