Planetin ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi son illər ciddi problemlər yaşayır. Söhbət dənizin səviyyəsinin kəskin şəkildə aşağı düşməyə başlamasından gedir. Aidiyyəti qurumlar dənizin çirkləndirilməsi və quruması prosesinin sürətləndiyi barədə həyəcan təbili çalırlar. Mütəxəssislər bununla bağlı məsələnin tam araşdırılması, onun fəlakət səviyyəsinə çatmaması üçün vaxtında tədbirlər görülməli olduğunu irəli sürürlər. Bu gün Xəzərə tökülən 128 axın mövcuddur. Volqa çayı Xəzərin qidalanmasında əsas paya sahib olmaqla yanaşı, onun çirklənməsində böyük rol oynayır. Belə ki, dənizə daxil olan tullantı sularının 60 faizi bu çayın payına düşür.
Araşdırmaçı Aleksandr Korşenko və Alvin Qasım Gülün 2005-ci ildə hazırladığı "Xəzər dənizinin çirklənməsi" başlıqlı məqaləyə əsasən, Xəzər dənizinin başda neft karbohidrogenləri olmaqla çirklənməsi və onların dənizə və sahilyanı icmalara təsiri ilə bağlı tədqiqatlara ötən əsrin ortalarında başlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi dənizin ekoloji problemlərin əsas səbəbləri sırasında aşağıdakıları daxil edib:
- dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi
- sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması
- kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axıdılması.
Qeyd edək ki, Nikolay Aladin və İqor Plotnikovun 2004-cü ildə hazırladıqları "Xəzər dənizi" adlı məqalədə Xəzərin biomüxtəlifliyinin üzləşdiyi təhdidlər araşdırılıb. Bildirilib ki, biomüxtəlifliyin azalmasına bir tərəfdən dənizin kommersiya məqsədli istifadəsi səbəb olursa, digər tərəfdən isə insan fəaliyyəti sahilyanı ərazilərə, o cümlədən Xəzərdəki çaylardan gələn su axınına təsir göstərir.
Maraqlıdır, Xəzərin səviyyəsindəki dəyişmələrin yaratdığı təhdidlər nədən ibarətdir? Həmçinin çirklənməsini önləmək və biomüxtəlifliyi qorumaq üçün hansı addımların atılmasına ehtiyac var?
Türkiyənin dəniz biologiyası professoru, İstanbul Universiteti Su Elmləri Fakültəsinin Dəniz Biologiyası Departamentinin rəhbəri, Türkiyə Dəniz Araşdırmaları Vəqfinin idarə heyətinin sədri Bayram Öztürk “Report”a açıqlamasında bildirib ki, Xəzərdə suyun səviyyəsinin dəyişməsi Xəzər suitisindən başlayaraq bütün dəniz canlıları üçün təhlükə yaradır:
“Xəzər qapalı dənizdir və şirin su xarakterinə malikdir. Onun biomüxtəlifliyi də buna uyğun inkişaf edib. Hazırda bu dənizdə endemik olaraq qalan nərə balıqları (sevryuqa) suyun tərkibinin dəyişməsi, çirklənmə və həddindən artıq ovlanma səbəbindən təhlükə altındadırlar. Qara dənizdən bu dənizə gələn daraqlı meduzalar kilkə kimi balıqların yumurtalarını yeyir və bu növ ekosistemi təhlükə altına alır. Çirklənmə səbəbindən ən böyük təhlükə isə ilk növbədə Xəzər suitisi üçün yaranıb. Belə ümumiləşdirə bilərik ki, nərə və kilkə balıqları həddindən artıq balıq ovu səbəbindən, Xəzər suitisi isə morbillivirusa görə təhlükə altındadır”.
Mütəxəssis hesab edir ki, problemləri aradan qaldırmaq üçün isə bütün sahilyanı ölkələr əməkdaşlıq etməli və ümumi canlı ehtiyatları qorumalıdırlar:
“Neftlə çirklənmə bütün Xəzər dənizinə təsir edir. Amma bunun günahkarı təkcə Azərbaycan deyil. Xəzərin çirklənməsində bütün tərəflər pay sahibidir, ona görə də ölkələr çirklənmənin qarşısını almaq üçün birlikdə çalışmalıdırlar”.
B.Öztürk onu da əlavə edib ki, Xəzər dənizinin şimal və qərb hissələri daha həssas ərazilərdir, bu rayonlardakı bataqlıqlar mühüm bioloji filtr rolunu oynayır və onlar ciddi şəkildə mühafizə olunmalıdırlar.
Professor bildirib ki, sahilyanı ölkələr Xəzər dənizinin ekoloji proqramı çərçivəsində tədqiqatlar aparır, ancaq vacib olan tətbiqetmədir:
“Məsələn, çirklənmənin azaldılması məqsəddir, lakin bu, investisiya və maliyyə tələb edir, əgər bunlar həyata keçirilirsə, dəniz təmiz qalar və qoruna bilər. Xəzəryanı ölkələr dəniziqorumaq üçün quru əsaslı, eləcə də neftlə çirklənmənin qarşısının alınması, həddindən artıq balıq ovunun önlənməsi həyta keçirilməlidir. Sərhədlərarası əməkdaşlıq, yabanı dəniz canlılarının izlənməsi, iqlim dəyişikliyinin monitorinqi, Xəzər dənizinin hidrologiyasının monitorinqi, Xəzər suitilərinin sayının monitorinqi kimi əsas amillər üzərində əməkdaşlıq etməli və hər bir ölkə bu istiqamətlərdə ciddi bir araşdırmaya başlamalıdır”.
Xəzərşünas alim, H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev isə söyləyib ki, Xəzər dənizinin səviyyəsində dəyişmə 1995-ci ildən bəri davam edir və təxminən 2 metr təşkil edib:
“Bu proses Xəzərin təbii halıdır, onun səbəbi isə su balansının dəyişməsidir. Su balansı iki hissədən ibarətdir: gəlir və çıxır. Gəlir hissəsini çayların gətirdiyi sular və üzərinə düşən yağış suları təşkil edir. Çıxır hissəsi isə səthdən gedən buxarlanma təşkil edir. Xəzər suyunun səviyyəsinin düşməsində əsas rolu çay suları təşkil edir. Burada ən böyük rolu Volqa çayı oynayır, çünki bütün suların 80 faizindən çoxunu o gətirir. Çay suları iqlimin məhsulu hesab olunur. Xəzərin su səviyyəsindəki qalxıb-enmələrin əsas səbəbi isə hövzəsində iqlim proseslərinin, yəni temperaturun, küləyin, yağıntıların dəyişməsidir”.
Ekspert vurğulayıb ki, iqlimi də yaradan əsas hadisə Xəzərin üzərindəki atmosfer sirkulyasiyalarıdır:
“Bunlar böyük ölçülü atmosfer prosesləridir ki, onların təkrarlanması ilə böyük miqdarda, xüsusilə Atlantik okeandan yağıntılar gəlir. Bu yağıntılar nəticəsində hövzəyə böyük miqdarda sular daxil olur. Ancaq antisiklonlar, yəni Şərqdən gələn quru hava kütlələri nəticəsində hövzədə su qıtlığı əmələ gəlir. Digər bir parametr isə günəş radiasiyasıdır. Günəş radiasiyası ilə bu sirkulyasiyaların təsiri nəticəsində regional iqlim formalaşır, bunun nəticəsində Xəzərdə qalxıb-enmələr müşahidələr olunur”.
Professorun sözlərinə görə, onların apardığı tədqiqatlar nəticəsində müəyyən olunub ki, Xəzərin su səviyyəsinin dəyişməsində onilliklər, hətta yüzillikləri əhatə edən dövrlər mövcuddur:
“Yüzillikləri əhatə edən dövrlərlə əlaqədar müəyyən olunub ki, Xəzərin səviyyəsi son dörd min ildə təxminən 250 il ərzində qalxıb və o sayda da geri çəkilmə baş verib. Belə bir dəyişmə 8 dəfə müşahidə olunub. Sonuncu ən yüksək səviyyə 1805-ci ildə müşahidə olunub ki, həmin vaxt Xəzərin səviyyəsi bugünkündən 6 metr yuxarıda olub. O müddətdən başlayaraq isə düşmə mərhələsindədir. Bu prosesin də 250 il davam edəcəyi proqnozlaşdırılır, yəni təxminən 2050-ci illərə qədər su səviyyəsində düşmənin davam edəcəyi gözlənilir. Ondan sonra yenidən Xəzərin səviyyəsində qalxma müşahidə ediləcək ki, bu da 200-250 il müddətində davam edəcək”.
Xəzərşünas bundan sonra dənizin səviyyəsində 1-1,5 metrlik düşmənin ola biləcəyini müəyyən etdiklərini də diqqətə çatdırıb:
“Düşmə sürəti ildə təxminən 15-20 santimetr ola bilir. Ümumiyyətlə, əgər son yüzilliyi götürsək, Xəzərin səviyyəsi 3 dəfə kəskin dəyişib. 1930-1977-ci illər arasında 3 metr aşağı düşüb, 1978-1995-ci illər arasında 2,5 metr artıb, 1995-ci ildən bu günə qədər isə 2 metr aşağı düşüb. Bu qalxıb-düşmələr Azərbaycan ərazisində müşahidə edilib”.
Ə.Əliyev həmin hadisələr nəticəsində neqativ proseslərin baş verdiyini vurğulayıb və qeyd edib ki, 1978-1995-ci illər arasında Azərbaycan sahil zonasında 50 min hektar zona su altında qalıb:
“1995-ci ildən sonra həmin 50 min hektardan 38 mini suyun altından çıxıb. Həmin qalxma nəticəsində dəyən ziyanın həcmi isə təxminən 2 milyard ABŞ dolları idi. İndi isə onun əksi prosesi gedir. Həmin ərazidə infrastrukturda geniş dəyişikliklər etmək mümkündür. Çünki Xəzərin səviyyəsindəki düşüb-qalxma 50-60 il çəkəcək. Bu müddət ərzində su altından çıxmış əraziləri istifadə etmək olar”.
Çirklənməyə gəldikdə isə tədqiqatçı deyib ki, bu, Xəzərin qalxıb-enməsinə çox təsir etmir, amma ekologiyasına təsir edir:
“Ən çox da balıqçılıq sənayesinə təsir edir. Xəzərin ətrafında 5 ölkə birləşir, onların vahid monitorinq sistemi yaradılmalı, monitorinq aparılmalıdır”.