"Birləşmiş Krallığın müasir və dinamik Azərbaycana necə töhfə verdiyini görmək çox xoşdur. Məşhur britaniyalı memar Zaha Hadid tərəfindən layihələndirilmiş möhtəşəm Heydər Əliyev Mərkəzini ziyarət edirəm və məşhur London elektrik taksilərimizin Bakıda karbon emissiyalarını azaltmağa kömək etdiyini görməkdən məmnunam".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton mətbuata açıqlamasında deyib.
"Bu səhər COVID-19-dan və Dağlıq Qarabağdakı münaqişədən sonra Birləşmiş Krallığın bərpa olunan enerji və yaşıl texnologiyalara əsaslanan layihələrə keçidi təşviq etmək, Azərbaycanla əməkdaşlığımızı müzakirə etmək üçün Prezident İlham Əliyevlə görüş keçirmişəm. Birləşmiş Krallığın cari ilin noyabr ayında ev sahibliyi etdiyi qlobal iqlim dəyişikliyi üzrə zirvə toplantısından əvvəl ölkələrimizin iqlim dəyişikliyi ilə birgə mübarizə aparması üçün geniş imkanlar mövcuddur. Birləşmiş Krallıq Azərbaycanı bərpa olunan enerjiyə keçidini və 2030-cu ilə qədər karbon emissiyalarının daha da azaldılmasını ehtiva edən iddialı iqlim hədəflərinə çatmasını dəstəkləməyə hazırdır", - o bildirib.