Yuxarı

Sabah Bakıda 15 dərəcə isti olacaq, bəzi bölgələrdə isə qar yağacaq

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir

Bakı. 12 mart. REPORT.AZ/ Həftənin cümə gününə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, martın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman və çiskin olacaq. Cənub küləyi axşam qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5, gündüz 10-15 dərəcə isti olacaq.

Martın 13-də Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşama doğru əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, sabah və martın 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi