Yuxarı
    Bağlamaq

    Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

    Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək

    Bakı. 20 noyabr. REPORT.AZ/ Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, noyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 16-20, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 758 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 6-11, gündüz 15-19, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, noyabrın 22-də hava şəraitinin təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi fonunda temperaturun aşağı enməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi