Respublika ərazisində müxtəlif dövrlərdə əkilmiş Eldar şamı ağaclarının son illər kütləvi quruması halları müşahidə olunduğundan qurumanın əsas səbəblərini müəyyən etmək məqsədilə mütəxəssislərdən ibarət yaradılmış komissiya qrupu növbəti monitorinqlərə başlayıb.
"Report" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin təmsil olunduğu qrup Ceyranbatan gölü ətrafında, Ağsu rayonunda qurumuş Eldar şamı ağaclarına baxış keçirib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi, biologiya elmləri doktoru Vahid Fərzəliyev bildirib ki, araşdırmalar və monitorinqlər zamanı qabıq böcəklərinin Eldar şamı ağaclarına ciddi zərər vurması nəticəsində ağacların quruyaraq bioloji inkişafdan qaldığı məlum olub:
"Monitorinqlərin və araşdırmaların nəticələri nəzərə alınaraq sözügedən ərazilərdəki torpaq sahələri xəstəlik və zərərvericilərdən təmizlənəcək, daha sonra qurumuş ağacların yerində yerli torpaq-iqlim şəraitinə uyğun yeni yaşıllıqların salınmasına başlanılacaq".
Ağsu rayonu Yaşıllaşdırma və Abaşdlaşdırma MMC-nin aqronumu Nazif Mütəllimov deyib ki, ağacların quruması ilə bağlı müvafiq qurumlara məlumat verilib:
"Əsasən bu, iynəyarpaqları ağaclarda baş verir. 50 ilin ağaclarıdır, lakin xəstəlik və zərərvericilər səbəbindən onlar quruyub. Ağaclar kəsilən kimi onların yerində iqlim şəraitinə uyğun olan tinglər əkiləcək".
Qeyd edək ki, bundan sonra monitorinqlər Yevlax rayonunda davam etdiriləcək.
Foto: Məhəmməd Ağayev