Yuxarı

Qlobal iqlim razılaşmasının layihəsi təqdim olunub

Ölkələr qlobal istiləşmə artımını 1-2 dərəcə çərçivəsində saxlamağa razılaşırlar

Bakı. 12 dekabr. REPORT.AZ/ Parisdə keçirilən BMT-nin iqlim konfransına qatılan liderlər arasında əldə olunmuş ilkin razılaşmanın yekun layihəsi təqdim olunub.

"Report" BBC-yə istinadən xəbər verir ki, sənədə əsasən ölkələr qlobal istiləşmə artımını 1-2 dərəcə çərçivəsində saxlamağa razılaşırlar.

Razılaşma atmosferə atılan zərərli tullantıların həcmini azaltmaq üçün inkişafda olan ölkələrə hər il 100 milyard dollara yaxın vəsaitin ayrılmasını nəzərdə tutur.

Mətbuat konfransında çıxış edən Fransanın xarici işlər naziri deyib ki, sənədin təsdiqlənməsi tarixi addım olacaq.

Laurent Fabius-un sözlərinə görə razılaşma üzrə tədbirlər qlobal istiləşmə templərini əhəmiyyətli şəkildə azalda bilər.

Sammitin məqsədi istixana qazlarının həcminin azaldılmasına yönələn ilk icbari qlobal razılaşmaya çatmaq olub. Onun layihəsinin mətni iki həftə davam edən danışıqlardan sonra yekunlaşdırılıb.

Danışıqların sonuncu mərhələsi, nəzərdə tutulduğundan 16 saatlıq yubanma ilə, cümə günündən şənbəyə keçən gecə başa çatıb.

BMT iqlim konfransında 190 ölkənin nümayəndəsi iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi