Yuxarı
    Bağlamaq

    Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru işdən azad edilib

    Meşə sahələrində aparılan yoxlamalar davam etdirilir© Report

    Bakı. 4 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin ərazilərində meşəsalma tədbirlərinin və mühafizə işlərinin effektivliyinin nəzarətdə saxlanılması, qanun pozuntularının qarşısının alınması məqsədilə meşə sahələrində aparılan yoxlamalar davam etdirilir.

    Nazirlikdən "Report"a verilən məlumata görə, Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq aprel ayında Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılıb. 10 meşə dolayında həyata keçirilən yoxlama nəticəsində, ümumilikdə 2061,5 m3 həcmində 16204,99 manat məbləğində qanunsuz qırıntı aşkar edilib. Aşkar olunmuş nöqsan və qanun pozuntularının qarşısının alınması, həmçinin belə halların bir daha təkrar olunmaması, iş və icra intizamının günün tələbi səviyyəsində təmin edilməsi məqsədilə Departamentin müvafiq əmrinə əsasən 4 mühafizə işçisi işdən çıxarılıb, 7 nəfər barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb. Həmçinin yol verilmiş qanunsuzluqlara hüquqi qiymət verilməsi üçün araşdırma materialları Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib, qanunsuz ağac kəsilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanıb, hazırda iş istintaqdadır.

    Oğuz MMBM-də aparılmış bu yoxlamanın nəticələrinin müəssisənin fəaliyyətində dönüş yaradıb-yaratmamasını araşdırmaq məqsədilə 20-25 iyun 2017-ci il tarixlərində Nazirlikdə yaradılmış Komissiya tərəfindən meşələrin qorunub mühafizə olunması vəziyyəti yenidən yoxlanılıb. Yoxlama zamanı 9 meşə dolayında, ümumilikdə 292,52 m3həcmində, 1834,30 manat kök üstə nırx dəyərində qanunsuz qırıntı aşkar edilib. Görülmüş intizam tənbehi tədbirlərindən nəticə çıxarılmadığına, əksinə qanunsuzluqlara təkrar yol verildiyinə görə, Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması vəziyyətinin kompleks araşdırılıb başa çatdırılması məqsədilə növbəti dəfə geniş tərkibdə komissiya yaradılıb. Aparılacaq araşdırmaların obyektiv, hərtərəfli tam həyata keçirilməsi və bu zaman kənar təsirlərin minimuma endirilməsi məqsədilə müəssisənin direktoru Bayram Umarov tutduğu vəzifədən azad edilib. Hazırda komissiya tərəfindən araşdırma davam etdirilir, tam olaraq yekunlaşdıqdan sonra digər cavabdeh meşə işçiləri barəsində də ciddi intizam tənbehi tədbirləri görüləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi