"2022-ci ildən etibarən işğaldan azad olunan bölgələr də daxil olmaqla hərracların keçirilməsi əsas prioritet olmaqdadır".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dağ-Mədən sektorunun inkişafı, islahatlar və yeni maliyyə mexanizmləri mövzusunda tədbirdə söyləyib.
Nazir bildirib ki, bu layihələrin mineral xammala olan tələbatının ödənilməsi məqsədi ilə işğaldan azad olunmuş bölgələrdə faydalı qazıntı yataqlarının qalıq ehtiyatlarının dəqiqləşdirilməsi və potensial yataqlarda geoloji-kəşfiyyat və axtarış qiymətləndirmə işləri aparılmaqdadır: "Bu, ölkənin mineral xammal bazasının zənginləşdirilməsinə və regionda dağ-mədən sənayesinin inkişafına xidmət edəcəkdir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkə iqtisadiyyatına reinteqrasiyası və burada iqtisadi fəallığın təmin olunması mühüm əhəmiyyət kəsb edir".
M.Babayev vurğulayıb ki, Qarabağ bölgəsində müxtəlif istiqamətli geoloji-kəşfiyyat işləri aparılıb: "Çoxsaylı filiz, qeyri-filiz, inşaat və tikinti materialları, içməli, mineral-termal su yataq və təzahürləri aşkarlanıb, bunlardan 167 yataq Mineral Xammal Bazasına daxil edilib. Həmin yataqlarda respublikanın daxili istehlak bazarını təmin edəcək və hətta xarici bazarlara çıxarılacaq böyük həcmli müxtəlif növ mineral-xammal ehtiyatlarımız mövcuddur. İnanıram ki, bölgədə aparılacaq geoloji-kəşfiyyat işləri nəticəsində yeni faydalı qazıntı yataqları aşkar ediləcəkdir ki, bu da həmin potensialı bir qədər də artıracaqdır. Ümidvaram ki dağ-mədən sahəsinin inkişafı istiqamətində islahatlar davam etdiriləcəkdir. Odur ki, sahibkarların aparılan islahatlara dəstəyi və müəyyən edilmiş qanunvericiliyə uyğun fəaliyyəti çox önəmlidir. İnanıram ki, birgə fəaliyyətimiz bu sahənin inkişafında yeni bir dönəm yaşadacaqdır".