"
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O qeyd edib ki, sahibkarlar, fiziki və hüquqi şəxslər görüləcək işlərin plan-layihəsini Nazirliyə təqdim etməklə meşə fondunun açıq sahələrini icarəyə götürə bilər. Meşə fondu torpaqlarının açıq sahələri aqrobağların salınması məqsədilə icarəyə verilir.
Xatırladaq ki, dövlət başçısının 2017-ci il 9 mart tarixli 2718 nömrəli sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək, həmçinin sahibkarlara əlverişli şərait yaratmaq məqsədilə Meşə Məcəlləsinin 22-ci maddəsində dəyişikliklər edilərək meşə fondu torpaqlarının icarə müddəti 10 ildən 49 ilədək artırılıb.
Qeyd edək ki, hazırda respublikada meşələrin inventarizasiyası işləri aparılır ki, bunun da əsas məqsədi meşə fondunda aqrobağların salınması üçün əlverişli olan sahələrin müəyyənləşdirilməsidir. Bu işlərin əsas məqsədi meşə təsərrüfatı tədbirlərinin aparılması yerlərini, həmçinin su hövzələrinə yaxın texnikanın işləyə biləcəyi dağətəyi və düzən sahələri aşkar etmək, bir sözlə sahibkarlar üçün əlverişli şərait yaratmaqdır.
Meşə fondunun açıq sahələrini icarəyə götürmək istəyənlər ETSN-də yaradılmış xüsusi komissiyaya müraciət edə bilərlər.