"İşğaldan azad edilən Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik Tutxun təzahüründə artıq geoloji-axtarış işlərinə başlanılıb".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib.
Nazir bildirib ki, Zərqulu, Qızılitən, Qərbi Qızılitən və Qazıxanlı sahələri üzrə geoloji və geofiziki işlər davam etdirilir.
M.Babayevin sözlərinə görə, Kəlbəcər rayonunun ərazisində yerləşən filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar Türkiyənin “Cengiz Holding” qrupuna daxil olan şirkətlərlə uzunmüddətli müqavilələr bağlanıb: "İmzalanan müqavilələrin predmeti də məhz işğaldan azad olunmuş ərazilərimizdə dağ-mədən fəaliyyətinin başlanmasıdır. Layihələrin reallaşdırılması regionun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi və iqtisadi dövriyyəyə cəlb olunması, iqtisadiyyatının canlanması baxımından mühüm önəm kəsb edir. Bu eyni zamanda həmin ərazilərdə yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcək".