Kiçik Qafqazın ən hündür dağ gölü olan Göygölü görmək üçün Naxçıvan şəhərindən təxminən 110 kilometrdən artıq bir məsafəni qət etmək lazımdır.
Bist-Nurgüt kəndləri ətrafında yerləşən gölə aparan yollar yüngül minik avtomobillərinin hərəkəti üçün əlverişli deyil. Ona görə də gölə getmək üçün çətin yollara münasib olan maşınlardan istifadə edilməlidir. Lakin hərəkətin çətinliyinə baxmayaraq, nəticə bütün əziyyətləri unutdurur. Başı dumanlı dağlar, ecazkar təbiət mənzərəsi...
“Report”un yerli bürosu xəbər verir ki, Göygöl Zəngəzur silsiləsinin cənub yamacında, 3065 metr yüksəklikdə yerləşir. Dərinliyi 6,5 metr olan və qış aylarında tamamilə donan göldə heç bir canlı yaşamır. Göygöl sürüşmə, çökmə və yanaçəkilmə nəticəsində yaranan təbii hövzədir. Bu gölün əsas qida mənbəyi yeraltı sular və ətrafdakı buzlaqlar, həmçinin qar sularıdır.
Gölün sahəsi 1,5 hektar olsa da, bu göstərici dəyişkəndir. Yağıntının çox olduğu illərdə gölün sahəsi genişlənir, az olduğu dövrdə isə kiçilir. Ətrafında nadir bitki növlərinə də rast gəlmək mümkündür. Saf və səmanın maviliyini əks etdirən suyu, eləcə də kənarındakı sıldırım qayalar gölə mistik gözəllik verir. Şişirtmədən demək olar ki, Göygöldə dörd fəsli bir gündə yaşamaq mümkündür.
Burada ağacların, kolların hündürlüyə görə formalaşması, böyüməsi mümkün olmadığına görə ərazi subalp bitkiləri ilə zəngindir. Orada bezoar dağ keçiləri, muflon dağ qoyunları və otyeyən cüyürlərə rast gəlmək mümkündür.
Qeyd edək ki, ətrafı sıldırım qayalarla əhatələnən Göygöl yerləşdiyi relyefə, bənzərsiz gözəlliklərinə görə istirahət və xüsusilə, dağ turizmi üçün olduqca əlverişlidir.