İqlim dəyişikliyi səbəbindən bu gün Azərbaycan da daxil olmaqla, bir çox ölkələr daşqınların sayının artmasından, təbii fəlakətlərdən və s. problemlərdən əziyyət çəkir.
Bu ilin noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Tərəflər Konfransı (COP), Paris Sazişi və Konvensiyası üzrə irəliləyişə nail olmaq və ən son elmi tədqiqat və məlumatlara əsasən qlobal istiləşməni 1,5 dərəcə selsiyə qədər məhdudlaşdırmaq üçün hökumətlərin beynəlxalq səyləri qiymətləndirdiyi Tərəflər Konfransının rəsmi tədbirləridir. COP tədbirləri zamanı dünya liderləri irəliləyişləri qiymətləndirmək və iqlim dəyişmələri ilə mübarizədə ən yaxşı həll yolları barədə müzakirələr aparmaq məqsədilə bir araya gələcəklər.
Hazırda iqlim problemləri ilə mübarizə dünya ölkələrinin fəaliyyətində əsas yer tutur. Cəmiyyətin maarifləndirilməsi üçün bu sahədə elmi tədqiqatların aparılması müzakirə mövzusudur.
Bu gün Azərbaycan universitetlərində ekologiya ixtisası tədris olunur, lakin bu ixtisasın iqlim dəyişikliyi sahəsində elmin inkişafı, tədqiqatların aparılması üçün yetərli olub-olmadığı sual altındadır.
“Report” hazırda ali təhsil müəssisələrinin iqlim dəyişikliyi ilə bağlı elmi fəaliyyəti ilə maraqlanıb.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ekologiya mühəndisliyi ixtisası üzrə mütəxəssis hazırlığı aparılır və bu ixtisas üzrə təhsil alan tələbələrə "İqlim dəyişikliyi və qlobal istiləşmə", "Tullantısız istehsal prosesləri və tullantıların təkrar emalı", "Hava çirklənməsi və nəzarət", "Ətraf mühitə təsirin qiymətləndirilməsi", "Ətraf mühitin enerjisi və enerji mənbələri", "Torpaqların meliorasiyası, rekultivasiyası və ekoloji əsasları", "Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi", "Ətraf mühitin kimyası və toksikologiyanın əsasları", "Ətraf mühitin planlaşdırılması və tənzimlənməsi", "Ətraf mühitin idarə olunması" (Ekoloji menecment) kimi fənlər tədris olunur.
UNEC-in Ekologiya mühəndisliyi ixtisasının rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Mövlud Hüseynov “Report”a bildirib ki, bu fənlərin müasir tələblər səviyyəsində tədrisini təmin etmək məqsədilə fənn proqramları dünya standartlarına uyğunlaşdırılıb və fənni tədris edən professor-müəllim heyəti üçün qabaqcıl xarici ölkə universitetlərinin təcrübəli alimlərinin təlimləri təşkil olunub:
“Eyni zamanda ixtisas üzrə biliklərin praktiki olaraq tədris olunması üçün UNEC-in Ekologiya mühəndisliyi laboratoriyası müasir cihaz və avadanlıqlarla təchiz olunub. Ekologiya mühəndisliyi ixtisasının peşə kompetensiyalarına əsasən demək olar ki, bu ixtisas üzrə mütəxəssislərin fəaliyyət sahəsinə iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısının alınması daxildir. İnanıram ki, həyata keçirilən tədbirlər nəticəsində Ekologiya mühəndisliyi ixtisası üzrə UNEC məzunları ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizədə və qlobal istiləşmənin qarşısının alınmasına öz töhfələrini verə biləcəklər”.
Bakı Dövlət Universitetindən məlumat verilib ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində və COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən irəli gələrək, BDU yeni dərs ilindən "Ekologiya mühəndisliyi" ixtisası üzrə ilk dəfə olaraq kadr hazırlığına başlayacaq:
“Ekologiya mühəndisliyi" ixtisası üzrə kadr hazırlığında isə iqlim dəyişikliyinə xüsusi önəm verilib. Bu istiqamətə birbaşa uyğun "Qlobal iqlim dəyişikliyi", "Su resursları və onların inteqrasiyalı istifadəsi" və sair fənlər, həmçinin əlaqəli fənlərdən "Torpaqşünaslığın əsasları", "Landşaftşünaslıq və landşaftların ekologiyası" və s. təhsil proqramında geniş yer verilib. Növbəti mərhələdə iqlim dəyişikliyinə uyğun magistr ixtisaslaşmalarının yaradılması gündəmdədir”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova “Report”a açıqlamasında bildirib ki, Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə, canlı təbiətin qorunmasında gördüyü işlər dünya birliyi tərəfindən izlənilir.
“Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, iqlim dəyişmələrinin təsirinin yumşaldılması, biomüxtəlifliyin qorunub saxlanması istiqamətində işlər görülüb, bununla yanaşı, qarşıya daha böyük məqsədlər qoyulub. Bu məqsədlərə nail olmaq üçün proseslərdə əhalinin geniş şəkildə iştirakı vacibdir. “Yaşıl ictimai şüur”un formalaşdırılması, uşaq və gənclərin “yaşıl əxlaq” prinsipləri ilə tərbiyələndirilməsi, əhalinin maarifləndirilməsinin epizodik deyil, sistem xarakteri daşıması uzunmüddətli strategiyanın mühüm tərkib hissələri olmalıdır", - o deyib.
İ.Hüseynovanın sözlərinə görə, ictimai məlumatlandırma sisteminin qurulmasına və fəaliyyətinə kütləvi informasiya vasitələri, tədqiqat və təhsil müəssisələri ilə yanaşı, qeyri-hökumət təşkilatları, yerli icmalar geniş şəkildə cəlb edilməlidir:
"Müxtəlif istiqamətli, xüsusən iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə maarifləndirmə layihələrinin həyata keçirilməsinə dəstək verilməlidir. İqlimlə bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas qlobal və milli vasitələr, o cümlədən beynəlxalq müqavilələrin tələbləri, öhdəliklər gənclərə öyrədilməli və aşılanmalıdır".
O vurğulayıb ki, həyata keçirilən fəaliyyətlərə ölkənin müxtəlif regionlarından olan uşaqlar, gənclər cəlb edilməlidir. Həmçinin layihə monitorinqlərində onların iqlim, təbiətlə, biomüxtəlifliyin mühafizəsi və ona qayğı göstərilməsi ilə bağlı biliklərinin artırılması məqsədlərinə nə dərəcədə nail olunması məsələsinə xüsusi diqqət yetirilməlidir:
"Ekoloji, “yaşıl təhsil” və maarifləndirmə işlərində müxtəlif ixtisas sahiblərinin iqlimlə və ətraf mühitlə bağlı o ixtisaslara uyğun biliklərinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi də vacib məqsədlərdəndir. İqlim və ətraf mühitin mühafizəsi üzrə elm, təhsil, sənaye, şəhər və kənd təsərrüfatı, səhiyyə, tikinti və s. sahə işçilərinin üzərinə fərqli öhdəliklər düşə bilər. Məlumatlandırma sistemi bu məsələləri də əhatə etməlidir".
İ.Hüseynova bildirib ki, iqlim dəyişmələrinin doğurduğu fəsadlara qarşı mübarizədə elmin üzərinə mühüm vəzifələr düşür. Azərbaycanda bu fəsadların yumşaldılması, adaptasiya mexanizmlərinin işlənib hazırlanması üzrə tədqiqatlar xüsusilə aktualdır:
“Burada təhsil sisteminin üzərinə xüsusilə mühüm vəzifələr düşür. Hazırda da orta məktəblərdə təbiətşünaslıq və ekologiya ilə bağlı fənlər tədris edilir, universitetlərdə müvafiq ixtisaslar mövcuddur. Ancaq bu sahədə də məqsədyönlülüyü artırmaq, hətta “yaşıl təlim”lərə və iqlimlə bağlı biliklərin ümumidən başqa, daha konkret şəkildə aşılanmasına bağçadan və ibtidai siniflərdən başlamaq lazımdır. Ali və orta ixtisas məktəblərində ümumən ekologiya ilə yanaşı, mühəndis ekologiyası, tibbi ekologiya, bioekologiya, kimyəvi ekologiya, landşaft ekologiyası, iqlim-menecment və s. dar ixtisaslar üzrə müxtəlif profilli iqlim mütəxəssislərin hazırlanmasına olan ehtiyacın ödənilməsinə diqqət yetirilməlidir”.
Onun sözlərinə görə, universitetlərdə müvafiq təhsil proqramları və kurslar təşkil edilməlidir:
“Ətraf mühit üzrə məsləhətçi müxtəlif fəaliyyətlərin ətraf mühitə təsirini təhlil edən və qiymətləndirən, mənfi təsirləri azaltmaq üçün tövsiyələr hazırlayan, həmçinin şirkətlərə və təşkilatlara ekoloji standartlara və qanunvericiliyə əməl etməyə kömək edən şəxsdir. Bundan başqa, ekoloji hüquqşünas ixtisasına sahib olanlar müvafiq normativ aktların hazırlanması ilə məşğul olur, bu qanunlarla fəaliyyət göstərən şirkətlərin hüquq şöbələrində çalışa bilərlər".
AMEA-nın vitse-prezidenti qeyd edib ki, urbanist-ekoloq yeni, xüsusilə ağıllı şəhərlərin salınmasında müvafiq ətraf mühit bilikləri və bacarıqları ilə silahlanmış mütəxəssislərə ehtiyac olacaq, resayklinq-texnoloq və ya sıfır tullantı meneceri ixtisasınaa sahib olanlar tullantıların effektiv təkrar istehsalı ilə məşğul olmaqla, ətraf mühitin çirklənməsinin qarşısını alırlar.
"Həmçinin ekoloji bioinformatik biomüxtəlifliyin qorunması və ekoloji problemlərin həlli üçün yeni texnologiyalar və metodların işlənib hazırlanmasına kömək edə bilən böyük həcmli bioloji məlumatların təhlili və emalı üzrə mütəxəssisdir. Mediada ekoloji problemlərin işıqlandırılmasında, ictimaiyyətin ekoloji maarifləndirilməsinin artırılmasında və diqqəti ekoloji problemlərə cəlb etməkdə iştirak edən peşəkarlar – eko-jurnalistlər yetişdirilməlidir. Biotexnologiyadan istifadə edərək ekosistemləri bərpa edən, təmizləyən mütəxəssisə - bioremediatora, bərpa olunan enerji üzrə mütəxəssislərə ehtiyac var. Onu da qeyd edim ki, təbiətin mühafizəsi sahəsində proqram təminatçısı ətraf mühitin vəziyyətini təhlil etmək və izləmək üçün proqramlar və tətbiqlər yaradır və s. kimi belə mütəxəssislər hazırlamaq mümkün və vacibdir".
O bildirib ki, qeyd edilən ixtisaslar üzrə mütəxəssislər təkcə ölkədə deyil, bütün dünyada iqlim dəyişiklikləri və onun doğurduğu fəsadlar, istilik balansının pozulması, ətraf mühitin çirklənməsi, deqredasiyası və s. kimi qlobal problemlərin həllinə real töhfələr verə bilər:
"Yəqin ki, müvafiq profilli ali təhsil müəssisələrində qeyd olunan ixtisasların səmərəli tədrisini təşkil etmək üçün uyğun kafedraların, məsələn, ekoloji biotexnologiya kafedrasının) yaradılması müsbət addım olardı. Həmçinin, bütün qeyd olunan ixtisaslar üzrə yüksək keyfiyyətli tədris materiallarının, dərsliklərin, elmi və elmi-kütləvi nəşrlərin hazırlanması bir nömrəli vəzifələrdən olmalıdır. İqlim dəyişmələrinin doğurduğu fəsadlara qarşı mübarizədə elmin üzərinə mühüm vəzifələr düşür. Azərbaycanda bu fəsadların yumşaldılması, adaptasiya mexanizmlərinin işlənib hazırlanması üzrə tədqiqatlar xüsusilə aktualdır. Biologiya və aqrar sahədə bu aktuallıq özünü biomüxtəlifliyin mühafizəsi və dəyişən şəraitə uyğunlaşması, yeni, daha davamlı, adaptiv bitki sortlarının və heyvan cinslərinin yaradılması məsələlərində xüsusilə göstərir. Düşünürəm ki, bu istiqamətdə aparılan tədqiqatlara daha çox dəstək verilməsi məqsədə müvafiqdir".