“Ermənistanla Azərbaycanın Naxçıvan Muxtar Respublikası sərhədində Ermənistan və ABŞ-ın birgə layihəsi olan metallurgiya zavodunun tikilməsinin qəti əleyhinəyəm”.
Bunu "Report"a hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Komissiyasının (İsveçrə) rəsmi könüllüsü Mohmad Hüseyn məlumat verib.
Onun sözlərinə görə, bu zavodun tikintisi birbaşa olaraq ətraf mühitin kimyəvi çirklənməsinə səbəb olur: “Biz, 30 ictimai təşkilatın nümayəndələri, ictimai səhiyyə ekspertləri və müxtəlif ölkələrin, o cümlədən təmsil etdiyim Hindistanın ekologiya fəalları olaraq, səsimizi beynəlxalq ictimaiyyətə eşitdirmək üçün bu petisiyanı imzalamışıq”.
Hüquq müdafiəçisi bu petisiyanın BMT-nin müxtəlif agentliklərinə, ətraf mühit və insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq təşkilatlara göndəriləcəyini söyləyib.
Qeyd edək ki, bu gün bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bəyanat yayıblar.