Leyla Əliyeva IDEA-nın fəaliyyəti ilə UNEP-in mandatı arasında bir çox sahələrdə oxşarlıqların olduğunu vurğulayaraq, hər iki təşkilatın iştirakı ilə ətraf mühitin aktual problemlərinin aradan qaldırılmasına yönəlmiş birgə layihələrin icra olunmasını təklif edib. Leyla Əliyeva, həmçinin IDEA və UNEP-in birgə təşkilatçılığı ilə 2012-ci ildə Azərbaycanda uğurla keçirilmiş “Yaşıl həftə konfranslar silsiləsi”nin və bu tipli digər tədbirlərin gələcəkdə də davam etdirilməsinə marağını ifadə edib.
Yan Dusik IDEA-nın uğurlu fəaliyyəti ilə yaxından tanış olduqlarını və onun layihələrini diqqətlə izlədiklərini bildirərək, ekoloji problemlərin həll edilməsində UNEP-in IDEA-ya daim dəstək verməyə və bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Görüşdə tərəflər IDEA və UNEP arasındakı əməkdaşlığın daha yüksək mərhələyə qaldırılması məqsədilə ikitərəfli Anlaşma Memorandumunun imzalanması və “Yaşıl iqtisadiyyat” sahəsində Azərbaycanda ilk dəfə birgə pilot layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.