İyunun 13 və 14-də havanın temperaturu yüksələcək.
"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40, Mərkəzi Aran rayonlarında isə 42 dərəcəyədək olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, iyunun 13 və 14-də Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək yüksəlməsi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.
İyunun 11-i axşamdan 14-ü gündüzədək Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.