“Türkiyə meşə təsərrüfatının qorunmasında fəal iştirak edir”.
“Report” xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Türkiyədəki nümayəndəsi Viorel Qutu FAO-nun Bakıda keçirilən regional seminarında deyib.
Onun sözlərinə görə, Türkiyədə icra edilən bu layihələr meşələrin qorunmasından tutmuş Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı qlobal problemlərin həllinə qədər bir çox sahələri əhatə edir: “Amma 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqla bağlı məsələləri həyata keçirə bilmirik. Aclıq və yoxsulluq kimi mənfi təsirlər işimizi daha da çətinləşdirir. Üstəlik, qarşımızda duran çağırışların sayı artır. Daha yaxşı həyat üçün daha çox çalışmalı və çətinliklərin öhdəsindən gəlməliyik. Bütün bunlara görə Türkiyənin təcrübəsi meşə təsərrüfatında fəaliyyətimizin inkişafına xüsusi töhfə verir”.
V.Qutu tərəfdaşların, o cümlədən Azərbaycanın FAO-nun səylərini dəstəkləyəcəyinə və mövcud çağırışlara töhfə verəcəyinə inandığını bildirib.