ETSN vətəndaşları Ağgöl Milli Parkını ziyarət etməyə çağırıb

ETSN vətəndaşları Ağgöl Milli Parkını ziyarət etməyə çağırıb Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) vətəndaşlara müraciət edərək əhalini Ağgöl Milli Parkını ziyarət etməyə çağırıb.
Ekologiya
19 Aprel , 2024 15:52
ETSN vətəndaşları Ağgöl Milli Parkını ziyarət etməyə çağırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) vətəndaşlara müraciət edərək əhalini Ağgöl Milli Parkını ziyarət etməyə çağırıb.

Bunu "Report"a ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, Ağgöl Milli Parkı Azərbaycanın ən zəngin biomüxtəlifliyə malik xüsusi mühafizə olunan təbiət ərazilərindən biridir və unikal təbii landşaftı ilə daim diqqət mərkəzindədir:

"Parkın daha bir özəlliyi isə yaz fəslində gözoxşayan laləli çəmənliyin ecazkar mənzərəsidir. Ağgöl Milli Parkında lalələr hər il aprel ayının əvvəlindən başlayaraq çiçəkləyir və proses hava şəraitindən asılı olaraq aprelin ortalarına, bəzən isə ikinci ongünlüyünə qədər davam edir".

Mətbuat katibinin sözlərinə görə, təxminən 100 hektarlıq ərazidə “qırmızı xalı”ya bürünən laləli çöllər milli parkın Qaraqobu və Böyük Ağgöl turizm marşrutlarının üzərində yerləşir.

"Parkın zəngin su-bataqlıq ekosisteminə ayrıca bir rəng qatan həmin mənzərəni görmək üçün turistlərin vaxt itirmədən elə bu həftəsonu yolunu Ağgöl Milli Parkından salmaları tövsiyə edilir. Hər kəsi füsunkar mənzərədən zövq almağa çağırırıq", - deyə İ.İbrahimova qeyd edib.

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi