Yuxarı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri mükafatlandırılıb

Peşə bayramına həsr olunan tədbir keçirilib

Bakı. 22 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) kollektivi 23 may peşə bayramı münasibətilə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Nazirlikdən "Report"a verilən məlumata görə, daha sonra ETSN-də peşə bayramına həsr olunan tədbir keçirilib.

Nazir Hüseyn Bağırov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekologiya sahəsində də görülən işlərin, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlərin, layihələrin müvəffəqiyyətlə davam etdirildiyini bildirib, yürüdülən ardıcıl ekoloji siyasət, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr və perspektiv planlar barədə tədbir iştirakçılarına məlumat verib.

Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində xüsusi xidmətlərinə görə nazirliyin fərqlənən əməkdaşlarını "Fəxri Fərman"la təltif edib.

Sonda nazirliyin kollektivi adından ölkə başçısına müraciət qəbul olunub.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi