Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Sumqayıt şəhəri, Corat qəsəbəsinin dənizkənarı ərazisinə tullantıların atılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə "Report"a Xidmətin rəis müavini Ramal Bağırov məlumat verib.
O bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı tullantıların əraziyə atılaraq qalaqlanması faktı təsdiqini tapıb: "Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Corat bələdiyyəsi barəsində protokol tərtib olunaraq hüquqi şəxs qismində 6 500 manatdan 8 000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə məcburi göstəriş verilib".
"Nazirlik olaraq tullantıların idarə olunmasına cavabdeh olan bələdiyyə və yerli icra orqanlarının tabeliklərindəki ərazilərdə tullantıların qanunvericiliyə uyğun toplanmasını və daşınmasını təşkil etməyə, sanitar və ekoloji normaların pozulmasına yol verməməyə çağırırıq", - R.Bağırov əlavə edib.