Şahdağ və Hirkan milli parklarında “Çex modeli” üzrə nişanlanma işləri aparılıb
- 11 aprel, 2019
- 05:29
Şahdağ və Hirkan milli parklarında çex mütəxəssisləri tərəfindən milli parkların əməkdaşlarına, Dövlət Turizm Agentliyinin və bir sıra turizm şirkətinin nümayəndələrinə treyninqlər keçirilib və təyin olunan marşrutlar üzrə nişanlanma işləri aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bir çox ölkələrdə tətbiq olunan “çex modeli” üzrə turist marşrutlarının nişanlanması işlərinin digər milli parklarda da aparılması planlaşdırılır.
Bu nişanlar turistlərin cığırlardan kənara çıxmamasına və marşrut üzrə rahat hərəkət etmələrinə xidmət göstərəcək.
Qeyd edək ki, turizm cığırlarının bu üsulla nişanlanmasının tətbiqi Azərbaycanda ekoturizm fəaliyyətinin müasir standartlara uyğun qurulmasına şərait yaradacaq.
Xatırladaq ki, 2019-cu ilin əvvəlində Çexiyanın Azərbaycandakı səfiri və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında keçirilən görüşdə Azərbaycanın bir sıra milli parklarında turist cığırlarının “çex modeli” üzrə nişanlanmasına razılıq verilib.