Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində suyun səviyyəsi artıb.
Bu barədə “Report”un Muğan bürosuna yerli sakinlər məlumat verib. Onlar bildirib ki, yağan yağışlar kanalda suyun bir qədər artmasına səbəb olub.
Qeyd edək ki, 3 aya yaxındır ki, Cənub-Muğan kanalında suyun azalması sakinlərin ciddi narahatlığına səbəb olmuşdu.
Belə ki, kanalda suyun quruması rayonun daha çox İsmətli, Ağayrı, Nəsimi, Nərimankənd, Çaylı, Əsgərabad, Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndləri daxil olmaqla rayonun bütün ərazisini əhatə edirdi.
Sakinlər içməli su, eyni zamanda kənd təsərrüfatında əkin və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirdilər.
Qeyd edək ki, Cənub-Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən Cənub-Muğan kanalı Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabad rayonunda yerləşir.