Bakı bulvarının yeni mənzərəsi

Bakı bulvarının yeni mənzərəsi Hər axşam Bayıl bulvarında qaynar həyat yaşanır
Ekologiya
16 İyul , 2015 10:38
Bakı bulvarının yeni mənzərəsi

Bakı. 16 İyul. REPORT.AZ/ Bayıl bulvarının yaradılması 2013-cü ildən başlanılıb. "Report" Bayıl bulvarının yeni siması ilə bağlı "Respublika" qəzetində dərc olunan məqaləni təqdim edir:

...Səliqə ilə hasara alınmış, ətrafı tərtəmiz olan buruqların mancanaqları ahəngdarlıqla enib-qalxır. Amma bura artıq neft mədəni də deyil, genişliyi və yaşıllığı, gözəl mənzərəsi ilə seçilən Bayıl bulvarıdır.Bura bəlkə də dünyada yeganə istirahət mərkəzidir ki, ərazisində işlək neft quyuları var. Bir vaxtlar ekoloji cəhətdən əlverişsiz sayılan, hər yerdə neft tullantılarının gölləndiyi ərazinin siması inanılmaz dərəcədə dəyişilib, indi yamyaşıl ağac və otların arasında işləyən neft buruqları dənizə doğru uzanan gözəllik dünyasına nəinki xələl gətirmir, əksinə, ona bir az da xoşagələn rəng qatır. Keçmiş buruq "meşəsi"nin yerində indi hər axşam minlərlə şəhər sakinin üz tutduğu nəhəng bir istirahət zonası salınıb. Aramla enib-qalxan mancanaqlar isə elə bil buraya qədəm basanları salamlayaraq "xoş gəldin" deyir...

Bakı bulvarının tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. 1909-cu ildə mühəndis Məhəmmmədhəsən Hacinski Bakı Duması qarşısında bulvarın inşa edilməsi barədə məsələ qaldırıb və onun qaldırdığı məsələyə müsbət yanaşılıb. Əvvəlcə Qız qalasından Azneft dairəsinə qədər olan ərazidə bulvar yaradılması barədə qərar çıxarılıb. Bakıya gələrkən göyərtəsində bir neçə kisə torpaq gətirən İran gəmiləri çar Nikolayın əmri ilə gömrük rüsumundan azad edilib. Həmin torpaqlardan indikidənizkənarı bulvarın salınmasında istifadə olunub. Bulvarda əkilmək üçün müxtəlif bölgəlrdən və Avropadan bitkilər də gətirilib.

Prezident İlham Əliyevin göstərişi ilə Bayıl bulvarının yaradılması layihəsinin icrasına isə 2013-cü ildə başlanılıb. Yüz il əvvəl Bakıda dəniz kənarı bulvar, əsasən, xaricdən xaricdən gələn mütəxəssislərin gücü ilə, xaricdən gətirilən torpaq hesabına yaradılırdısa, indi inşaatçılar da yerlidir. daşınan torpaq da özümüzünküdür. İki il ərzində "Azimport" MMC-nin inşaatçıları paytaxtın qərb girişində, əsasən, yerli inşaat materialları hesabına 24 hektar sahədə uzunluğu 2.3 kilometrə çatan bulvar inşa etməklə şəhərdən Xəzər dənizinə çox gözəl və füsunkar mənzərə açılmasına nail olublar.

Şirkətin inşaatçıları qısa vaxt ərzində Bayıldan Dövlət Bayrağı Meydanınadək olan əraziyə büytünlüklə yeni beton örtük və asfalt döşəyib, məhəccər və bordürləri tamamilə yeniləyib, gəzinti meydançasına dekorativ daşlar düzüblər. Parkda Şərqlə Qərb, eləcə də də milli memarlıq üslubu ilə beynəlxalq təcrübə böyük peşəkarlıq və ustalıqla əlaqələndirilib. Burada istifadəyə verilən uşaq meydançalarında döşəmənin yumşaq materialdan işlənməsi də parka üz tutan balacaların təhlükəsizliyi və sağlamlığı baxımından çox əhəmiyyətlidir. İstirahət mərkəzində karusel və attraksionlar uşaqların çox sevdiyi məkanlardandır. Zövqlə və rəngarəng üslubda inşa edilmiş iaşə müəssisələri gözəlliyi ilə göz oxşayır.

Ümumi sahəsi 15.5 hektar olan parkda müasir suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti yolları salınıb, geniş yaşıllaşdırma işləri görülüb, ən müxtəlif ağaclar, bəzək və gül kolları əkilib, fəvvarələr quraşdırılıb, 270 işıq dirəyi basdırılıb.

İldən-ilə, gündən-günə paytaxtın gözəllik xəritəsinə vurulan yeni naxışlar sırasında Bayıl bulvarının özünəməxsus yeri var. İndi Bakının ən böyük istirahət mərkəzinə çevrilən Bayıl bulvarı hesabına axşamlar Xəzər sahillərinə üz tutanların sayı daha da artıb. Yenə də "Azimport" MMC-nin inşaatçıların əməyi nəticəsində istifadəyə verilmiş Ağ şəhər bulvarı ilə birlikdə uzunluğu 15 kilometrə çatan Dənizkənarı bulvar bu gün rəngbərəng kəmər kimi Xəzərə qurşaq tutur. Təkcə son illərdə aparılan abadlıq və quruculuq işləri sayəsindəbulvarın ərazisi 100 ildə malik olduğu ərazidən iki dəfə çox böyükdür.

Dövlətimizin başçısı həm təbii vəziyyətinə, həm abadlıq işlərinə , müasirliyinə, insanlar üçün yaradılmış rahatlığına görəBakı bulvarını dünyanın ən gözəl bulvarı adlandırıb. Bulvarın Bayıl hissəsi isə paytaxtımızın yeni incilərindəndir. Buraya yolu düşən hər kəs onun gözəlliklərinə heyran olmaqla yanaşı , şəhərin memarlıq simasına yaraşıq verdiyini də qeyd edir. Bu yaxınlarda ölkəmində səfərdə olmuş məşhur Rusiya siyasətçisi Gennadi Züqanov Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini qeyde dərək, Dəniz kənarı bulvar haqqında deyib: "Xəzərin sahilində həyata keçirilən işlər fantastikadır. Dəniz kənarından on kilometr ərazi istirahət və əyləncə yerinə çevrilib. Bura gəzmək, yemək, tamaşa etmək və əylənmək üçün əla məkandır".

Hər axşam gecənin yarısınadək böyük gəzinti və istirahət meydançasına çevrilən park yüzlərlə, minlərlə qoca, cavan və uşağı qoynuna alır. Burada hər kəs öz zövqünə uyğun istirahət növü tapa bilər: pavilyonda sərin içki içən kim, oturacaqlarda əyləşib köhnə xatirələri çözələyən kim, uşaq əyləncə mərkəzlərində övladları ilə əylənən kim, Xəzərin gümüşü sularına tamaşa edən kim... Hər axşam Bayıl bulvarında qaynar və romantik bir həyat yaşanır.

Son xəbərlər

Orphus sistemi