Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası faunası üçün yeni quş növü aşkar edilib.
"Report" xəbər verir ki, Bozumtul çalağana ilk dəfə olaraq Araz su anbarının aşağı hissəsinin sol sahil düzənliyində tədqiqatlar nəticəsində rast gəlinib.
Artıq muxtar respublika şəraitində çalağanın həyat tərzinin, bioloji və ekoloji xüsusiyyətlərinin izlənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Bozumtul çalağan yırtıcı quş olub, qırğılar fəsiləsinə mənsubdur. Bu quşlar Afrikada, İspaniyanın cənubunda, Hindistanda açıq landşaftlarda, otlu düzlərdə və seyrək meşəliklərdə az saylı növ olub oturaq həyat tərzi keçirir. Orta boylu quşdur, kütləsi 220-250 qr-dır. Mavi göyümtül kürək, açıq kül rəngli boz döş, xüsusilə uçuş zamanı aydın nəzərə çarpan tünd qırmızı gözlər çalağanı cinsin digər növlərindən fərqləndirən əsas əlamətlərdir. Fəal ovçudur, qidasını başlıca olaraq gəmiricilər təşkil etdiyindən faydalı quş hesab edilir.