Yuxarı

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Azərbaycanın rayonlarında 17 dərəcə isti gözlənilir

Bakı. 26 dekabr. REPORT.AZ/ Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabaha Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Sabaha Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 12-17, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

O da qeyd olunub ki, bu cür hava şəraiti iqlim normasına uyğundur. Sadəcə bəzi günlər iqlim normasından 1-2 dərəcə yüksək olur.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabaha Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Dekabrın 28-29-da atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi